Sertifikasiya həm lazım, həm də vacibdir, bir şərtlə ki, diaqnostik qiymətləndirmədə yol verilən nöqsanlar bir daha təkrarlanmasın.
“Müəllim əməyinin qiymətləndirilməsi, onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. Bununla belə, “Attestasiya”, “sınaq imtahanı”, “könüllü attestasiya”, ”lisenziya”, “diaqnostika” və nəhayət “sertifikasiya” – bunların hər biri zaman-zaman heç də hamı tərəfindən bir mənalı qarşılanmayıb.
Kimlərsə bu prosedurları, o cümlədən də sertifikasiyanı səriştəsiz, müəllimlərin tədris prosesindən kənarlaşdırılması baxımından müsbət hal kimi dəyərləndirirsə, digərləri bunu müəllimlərin xüsusilə də yaşlı nəslin sayının azaldılmasına hesablanan bir addım kimi qiymətləndirir. Müəllimlərin 1994–cü ildə keçirilən son attestasiyası bir neçə dəfə planlaşdırılsa da müəyyən səbəblərdən onu reallaşdırmaq mümkün olmayıb. Məhz buna görə “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya Diaqnostik Qiymətləndirmə ilə əvəz olundu. Məsələ ondadır ki, Diaqnostik qiymətləndirmə də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı.
İstənilən halda sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir. Bununla belə ədalət naminə razılaşmalıyıq ki, sertifikasiyanın optimal variantını işləyib hazırlamaq, işlək mexanizmlərini müəyyənləşdirmək, 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirmək düşündüyümüz qədər də asan məsələ deyildi. Ona görə də bu prosedurun həyata keçirilməsi üçün bir beşillik müəyyən edilib.
“Təhsil haqqında” qanuna edilən dəyişikliklərə əsasən üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya sertifikasiyadan keçməyən şəxslərin bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikasiyada iştirak etmək hüququna malik olmaları müsbət haldır. Lakin, “Qaydalar”a əsasən 1-ci mərhələdən 50 faizdən aşağı bal toplayanların ikinci mərhələyə keçməməsi, yaxud 2-ci mərhələdə 20 faizdən az bal toplayanların da yenə keçməməsi, nəticədə 1 il müddətinə iş yeri saxlanmaqla minimum dərs yükü ilə 6 saatla işdə qalmaları o qədər də uğurlu çıxış yolu hesab edilə bilməz. Diaqnostik qiymətləndirmədən üzü bu yana nə qədər 6-8 saata işləyən müəllimlərimiz var.
Müddətsiz müqavilə ilə işləyən, diplomu dövlət nümunəli olmayan müəllimlərin də sertifikasiya imtahanında iştirak etmələri də yalnız müsbət hal kimi qiymətləndirilə bilər. Əgər, sertifikasiyanın məqsədi kimlərisə işdən azad etmək yox, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdirsə, bu məsələ də birdəfəlik həllini tapmalıdır.
“Müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, sertifikasiyada iştirak edə bilər” kimi açıqlamalar o anlama gəlməməlidir ki, bu, böyük təcrübəyə malik yaşlı nəsli sıxışdırmaq yolu ilə kifayət qədər təcrübəyə malik olmayan gənclərə yol açmaq xarakteri daşısın və bundan süni istifadə hallarına yol verilsin. Müsahibə mərhələsi də elə qurulmalıdır ki, lazımi bal toplayanın, lakin kimlər üçünsə arzu olunmayan şəxsin uğursuzluğuna səbəb olmasın.
Qarşıda hələ 2026-cı ilədək xeyli müddət var. Həmin müddət hər şeyə aydınlıq gətirəcək, sertifikasiya ilə bağlı əlavələrdə hansısa bir dəyişikliyin edilməsinə də zərurət yarana biləcək. Bütün fərqli yanaşmalara rəğmən mən sertifikasiyaya müəllimin daim öz üzərində işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin daha da artırılması vasitəsi kimi baxıram.
Nadir İsrafilov
Təhsil üzrə mütəxəssis