Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər sakini məcburi köçkün kimi respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişlər. İşğal zamanı 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Artıq bütün bunlar tarixə çevrilib.
Rəsmi İrəvan Xanlıq kəndində qanunsuz məskunlaşma aparmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur.
Uzun illər aparılan danışıqlara baxmayaraq torpaqlarımızın azad edilməsi həmsədr dövlətlərin marağında deyildi. Düşmən nə sülhə gəlir, nə də öz mənfur niyyətlətindən əl çəkmirdi. Hər gün sərhəd bölgələrimiz atəşə tutulur, insanlar həlak olurdu. Bütün bunlar xalqın səbrini doldurur, etirazlar başlayırdı. 2020-ci ilin iyul hadisələri, şücaətli hərbçilərimizin şəhid olması xalqımızı, xüsusilə dövlətimizin başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi də qəzəbləndirdi. Sentyabr ayının 27-də düşmənin növbəti hücumu cəsur hərbçilərimiz tərəfindən qətiyyətlə alındı, Vətən müharibəsinin ilk günü zəfərin başlanğıcı oldu.
25 oktyabr tarixi 44 günlük müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlının azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Ermənilər güclü istehkamlar qurmuş, yüksəkliklərdə hərbi birləşmələr yerləşdirmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.
Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Böyük zəfərdən sonra dövlətimizin başçısı dəfələrlə azad olunan ərazilərdə olub, başlanan böyük tikinti quruculuq işlərinin gedişatı ilə tanış olur, tapşırıqlarını verir. Bütün bunlar onu göstərir ki, regionlarda həyata keçirilən quruculuq işlərinin sahəsi genişlənir. Bu torpaqların sakinlərinin yenidən doğma yurda qayıtması üçün genişmiqyaslı işlər görülür. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur. Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaqdır.
Fərəhli haldır ki, azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb.
Çəkilən dördzolaqlı yol isə Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkirik ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaqdır.
Dövlətimizin başçısının azad olunan hər bir bölgədə Üçrəngli Bayrağımızı ucaltması, bu yerlərə hər gəlişi, efirlərdə izlədiyimiz bütün reportajlar sevincimizi artırır. Çünki Azərbaycanın inkişafının, tərəqqisinin şahidləri kimi biz bu tarixin, müstəqil dövlətin vətəndaşlarıyıq. Gün o gün olsun ki, Qubadlı öz sakinlərini qoynuna alsın, həyat yenidən sevincli günlərlə davam etsin.
Gülbəniz Məmmədova
Qubadlı rayon sakini