Logo

Atası intihar edən tələbə oğlundan yazdı: "20 yaşın oldu, amma sənsiz" - FOTOLAR

02.01.2023 13:21 2693 baxış
IMG

"Bu gün sənin 20 yaşın tamam oldu, amma sənsiz. Sən dünyaya gəlişinlə, yaşadığın qısa ömürlə təkcə bizə yox, doğulub boya-başa çatdığın bölgəyə sevincli, şərəfli günlər yaşatdın. Sonradan universitet illərində səni bu qədər sevən, xətrini əziz tutan dostların var idi.Sənin gələcəyinə hamımız ümid edirdik. Bu il universiteti qırmızı diplomla bitirib dünyanın nüfuzlu universitetlərinin magistraturasına real namizəd idin. İngilis dilini sərbəst bilirdin. Xalqımıza gələcəkdə lazım olan gənclərimizdən idin".

Tehsil.biz xəbər verir ki, bunları ötən il intihar edən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədovun atası Şahin Səmədli özünün feysbuk hesabında yazıb.

Şahin Səmədli paylaşımında bunları əlavə edib:

"Amma qəfil, müəmmalı ölümünlə hər şeyi alt-üst elədin, bütün arzularını özünlə torpağa apardın.
Hər şeydə tələsdin: məktəbə 5 yaşında getdin, öz tay-tuşlarından istedadınla fərqləndin.16 yaşın tamam olmamış universitetə yüksək balla qəbul oldun. 20 yaşında ali məktəbi bitirəcəkdin. Çox heyif.

Bundan sonra sənsiz gələn illərin, ayların mənim üçün heç bir dəyəri yoxdur, ruhu ölmüş bir bədən üçün nə fərqi var ki? Bizim üçün hər il əsl bayram yanvarın 2-si, sənin doğum günündə idi. Bizim gözəl ailə ənənəmiz var idi. Bu il isə ənənəmiz pozuldu. 20 yaşında məzarının başına yığışdıq, yenə də sənə əlimiz çatmadı. Rahat yat, əziz balam. Tezliklə sənə qovuşanadək. Allah sənə rəhmət eləsin. Məkanın cənnət olsun".

Xatırladaq ki, ötən ilin oktyabrında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi, 2003-cü il təvəllüdlü Şəhriyar Səmədov intihar edib.

Məlumata görə, Masallı rayon sakini olan Ş.Səmədov paytaxtın Nizami rayonu Qara Qarayev prospektində kirayə yaşadığı mənzildə özünü asıb. 

Qeyd edək ki, 2019-cu ildə Masallı şəhər 4 saylı orta məktəbdən məzun olan Şəhriyar Səmədov həmin il 684,8 bal toplayaraq UNEC-ə qəbul olunub. O, həm də Prezident təqaüdçüsü idi.

Həmçinin oxuyun: Atası intihar edən tələbə oğlundan yazdı: "Sənə o qədər ümidlərimiz var idi ki..." - FOTO

Xəbər lenti