Logo

"Azərbaycan xalqı azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçib"

29.05.2023 14:40 194 baxış
IMG

Dövlət üçün müstəqillikdən, həmin dövlətin vətəndaşı üçünsə azadlıqdan üstün heç nə yoxdur. Azərbaycan xalqı da azad yaşayış, müstəqil dövlət uğrunda uzun və mübarizələrlə dolu bir yol keçmişdir.

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir.

Bu baxımdan 28 may – Müstəqillik Günü müstəqillik tariximizdə müstəsna rola malikdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.

Müstəqilliyi bərpa etdikdən qısa müddət sonra xalqımız yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin artan təcavüzü nəticəsində geniş miqyas almış Birinci Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyindəki səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə gedən siyasi çəkişmələr, vətəndaş qarşıdurması müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini yaradırdı. Əslində müstəqilliyin elan olunmasından daha vacib olan müstəqilliyin qorunması idi. Məhz müdrik Azərbaycan xalqının tələbi ilə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Azərbaycan ardıcıl islahatlar həyata keçirməyə başladı, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi və bunun ardınca iqtisadiyyatda sərbəst ticarət prinsipləri əsas götürülməyə başlandı.

Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycanda güclü ordu yaradıldı. Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi.

44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son illər həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. Qırx dörd günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu.

Bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyev siyasi ənənələrə və dövlətin qorunmasının ali prinsiplərinə uyğun olaraq  müstəqilliyimiz bu gün də qorunub saxlanılması, Azərbaycanda demokratik cəmiyyətin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğunun daha da dərinləşdirilməsi üçün misilsiz islahatlar həyata keçirilməsi Azərbaycanın dövlətçilik ənənələrinin indi də yaşadığının göstəricisidir.

Könül Həsənova
ADPU filologiya fakültəsinin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru

Xəbər lenti