Vaxtilə Şah babamız İsmayılın bütöv Azərbaycanı vardı. Onda məmləkətim o taylı-bu taylı deyildi. Fərman Kərimzadənin "Xudafərin körpüsü" xalqı ikiyə bölmür, Alagöz çarpaz dağ olub sinəmizə çəkilməmiş, nə də Göyçə gölünün həsrətindən içimiz göynəmirdi.
Sonradan ərazimiz Xəlil Rza Ulutürkün təbirincə desək, otuz iki dəfə kiçildi. Qoynunda yadlara od-ocaq verən xalqım öz odunda-alovunda qovruldu. Ayrılıqlar, nisgilli, həsrətli zamanlar qara buluda çevrilib məmləkətin üstünə çəkildi. Məmməd Araz fəlsəfəsindəki kimi, taleyin oyununda cütləşmiş zərimiz yüz illiklər qoşa atıldı. Fəqət qoşa düşmədi. "Qoşa" ifadəsindəki birlik, vəhdət, müstəqillik xalqdan bir neçə yüz illiklər aldı. Məhək daşlı tariximiz yadların əlində əhəng daşı kimi ovulub töküldü: saxtalaşdırıldı, unuduldu. Belə bir zamanda min müsibətlə Azərbaycan iyirminci əsrin ikinci onilliyinin sonları öz müstəqilliyinə, müqəddaratına qovuşdu.
Versaldakı tarixi qələbə, insan azadlığını üstün tutan konstitusiya, demokratik prinsiplərə dayalı hökumət quruluşu dünya güclərini heyrətə gətirərək əfsanəyə çevrildi. Bu, tarixi və gerçək hadisə – əfsanə qəhrəmanı Prometey deyil, Cümhuriyyətimizin qurucu babaları oldu. Və onlar özlərini Tanrı hesab edənlərdən odu oğurlamadı, sadəcə Odlar Yurdu Azərbaycanı əsarətdən azad etdi, günəş səmtinə, nicat yoluna çıxartdı.
Lakin kristal buxarlanırdı. Cisim səthindən məhlula keçən ionların sayı ilə məhluldan kristala keçən
bərabərlik pozulurdu. Daxili və xarici düşmənlər baş qaldırmışdı: şərait sürətlə dəyişirdi. Mənən düz adamlar üfüqi cəhətin düzlüyünü, tarazlığını qoruya bilmirdi. Bir yandan da ikibaşlı xunxar quşu, ac-yalavac çaqqal, yara-xoralı kaftar demokratik höküməti didirdi. Beləcə, Əhrimən Hörmüz üzərində qələbə qazandı. Dünya 23 aylıq demokratik müstəqilliyi Azərbaycana çox gördü. Daha doğrusu xor gördü.
Dünya isə çalxalanırdı, təlatümə gəlirdi. Belə bir gərgin dönəmdə ədədlərin yalnız rəqəm və işarələrin ifadə etdiyi kəmiyyət göstəricisi olmadığı göründü. Həm də onlarda başqa bir qüvvənin olduğu aydın oldu. Beləliklə, 23 aylıq müstəqillik məşəli aprel ayının sonu Bakıda sönür və 1923-cü ilin may ayının əvvəli Naxçıvanda – zəhmətkeş Əlirza kişinin halal ocağında yenidən alovlanır. Beləliklə, 10 may Azərbaycanın sabahkı istiqlal səsinin, azadlıq himninin körpə qığıltısında eşidildiyi tarixə çevrilir.
Heydər Əliyev belə bir zamanda doğuldu. Həmin zamandan 100 il ötür.
Xoşbəxtəm ki, Heydər Əliyevin məzunu olduğu Bakı Dövlət Universitetinin tələbəsiyəm. Universitetimizin dahi rəhbərin 100 illik yubileyinə həsr etdiyi esse müsabiqəsinə yazı hazırlamağın özü də səadətdir... Bəlkə də müsabiqədə iştirak edən tək-tük tələbələrdənəm ki, Heydər Əliyevin hakimiyyət illərinin canlı şahidiyəm. Hər dəfə məktəb vaxtlarımı, bayram günlərini, rəhbərin xalqla görüşünü, yaxın keçmişi xatırlayıram. Beləki, hər Novruz bayramı Qız qalasının yanında toy-büsat olardı. Adam əlindən qalanın önü Xəzərtək dalğalanardı...
Çatılan tonqal Odlar yurdunun istiqlalının, xalqın mənəvi birliyinin nişanəsi idi. Bu odun arxasından xalqın tarixi mübarizəsinin izləri və Azərbaycanın əbədi müstəqilliyi görünürdü...
Əsgər İsmayılov
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi