Logo

Ədəbiyyatımızın əbədiyyət qazanmış ədəbi ədibi – Сəlil Məmmədquluzadə

08.06.2023 20:30 453 baxış
IMG

Naxçıvan bölgəsi qədim tarixə malik olan bir ərazidir. Tarixinin qədimliyi qədər də ədəbiyyatı zəngin olan bu diyar zaman-zaman Azərbaycan ədəbi-bədii fikrinə və mədəniyyətinə bir sıra böyük şəxsiyyətlər bəxş etmişdir. Bunlardan biri də böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadədir.

Cəlil Məmmədquluzadə deyirdi ki, "Molla Nəsrəddin" jurnalını təbiət özü yaratdı. Elə bu böyük ədəbiyyat adamını da təbiət özü məhz bizim xalqımız üçün, sabahımızın aydınlığı üçün düz 152 il bundan əvvəl tarixin bu günü yaratmışdır. 

Ədəbiyyatımızın əbədiyyət qazanmış nəhəng ədəbi siması olan Mirzə Cəlil Azərbaycanda tənqidi-realist satirik ədəbiyyatın görkəmli yaradıcısı olmaqla yanaşı, həm də nəsrimizin zirvəsi sayılır.

Əbəs yerə deyildi ki, adını çəkərək ruhunu yad və şad edəcəyimiz ədəbiyyatımızın milli vicdanı adlandırdığımız Mir Cəlal Paşayev: "Biz Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxmışıq" – deyirdi. Bütöv bir ədəbi məktəb formalaşdıran Cəlil Məmmədquluzadənin hələ məktəb vaxtlarından sevərək oxuyub-öyrəndiyimiz və sonradan dərin fəlsəfəsini anladığımız "Poçt qutusu" hekayəsindən görünür ki, ədib xalqın elmə, biliyə yiyələnməsinə çalışmış, simvolik olaraq adlandırdığı Danabaş kəndinin timsalında təhsilsizlikdən mürgü vuran insanları oyatmağa çalışmışdır.

Böyük ədibin ədəbiyyata vurğunluğu: "Hər nə işə gedirdimsə, gərək bir yek kağız əlimə alıb, hekayədən, nağıldan cızma-qaralayaydım" – fikirlərində özünün təsdiqini tapır. Ancaq onun yaradıcılığı özünün dediyi kimi cızma-qara deyil, bu xalqın elm, təhsil, bilik yolunun nişanına çevrildi.

O, 1902-ci il martın 2-də Bakıda "Kaspi" qəzetində dərc olunmuş ilk mətbu əsərində – məqaləsində ən əvvəl xalqına sarsılmaz tellərlə bağlılığını ifadə etmişdir. Onu ədəbiyyata, mətbuata və xalqına bağlayan ən mühüm amil isə ədibin Naxçıvanın ziyalılar mühitində mənəvi cəhətdən püxtələşməsi ilə bağlı idi. Ədib "Poçt qutusu" hekayəsi ilə bərabər, həm də "Çay dəstgahı", "Kişmiş oyunu", "Danabaş kəndinin əhvalatları" əsərlərini də məhz Naxçıvanda yaşadığı illərdə yazmışdır.

Ümumiyyətlə, böyük ədib Cəlil Məmmədquluzadənin həyatının qayəsi və yaradıcılığının əsas məğzi azərbaycançılıq idealının həyata keçirilməsi istiqamətində idi. Ədib “yer, göy, ay və ulduzların gündən qopub ayrılmış parçalar” olduğunu qeyd edərək, ölkədə fərqli siyasi düşüncələrin də vahid bir ölkənin – Azərbaycanın ətrafında birləşməsini, xalqa daha yaxın olmasını istəyirdi.

Böyük ədibin əsr yarım bundan əvvəlki istəyini, arzusunu on milyonluq "birləşmiş xalqımız" (Cahangir Məmmədli) ötən ilin 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın ətrafında cəm olaraq bütün dünyaya göstərmiş oldu. Xalqının xoşbəxtliyi yolunda xidmət etməkdən usanmayan Cəlil Məmmədquluzadə bu gün də yaşayır. O, təkcə öz dönəminin deyil, həm də hər dönəmlərin mirzəsidir – Mirzə Cəlilidir. Öz doğulduğu zamanın, o zamankı nəslin müasiri olmaqla bərabər, həm də bugünkü zamanın müasir nəslinin müasiridir. Ömrünün ömür məşəlini xalqı üçün yandıran böyük ədibi xalq heç zaman unutmayacaq, daim yaşadacaq.

Dahi Rəhbər Heydər Əliyev deyirdi ki, Cəlil Məmmədquluzadənin yaradıcılığındakı Azərbaycanın bütün milli xüsusiyyətlərini, eyni zamanda ümumbəşəri dəyərlərini əks etdirən fikirlər bizim milli ideologiyanın əsasıdır və həmin ideologiyanın yaranması üçün böyük bir vasitədir, böyük bir sərvətdir. Bədii sərvətimizi qorumaq isə borcumuzdur. Bu gün bu borcu, bu şərəfli missiyanı Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev yüksək şəkildə davam etdirir.

Geridə qoyduğumuz 2019-cu il 17 yanvar tarixində Cənab Prezident İlham Əliyevin Sərəncamına əsasən görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyi geniş şəkildə qeyd olundu. Bu Sərəncam böyük ədibin yaradıcılığına olan sonsuz sevgi və məhəbbətin, diqqət və qayğının ali nümunəsi idi. Bu qəbildən olan bütün Sərəncamlar dövlətimizin mədəni siyasətini əks etdirən, özündə yaşadan canlı tarixdir.

Yazının sonunu hər zamanın mirzəsi olaraq qalacaq Cəlil Məmmədquluzadənin sanki əsr yarım bundan əvvəl elə özü üçün qovrula-qovrula dediyi sözlərilə yekunlaşdırıram: "Elə yaşamalısan ki, öləndən sonra da ölməyəsən – həyatın məqsədi məhz budur".

​​​​​​
Əsgər İsmayılov
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti