Müdrik qocadan soruşublar ki, bəs zəhər anlayışı nədir? Qoca tərəddüd etmədən: ”Zəhər ehtiyacdan artıq hər şeydir. Buna mücərrəd və konkret olan hər şey, hətta xoş niyyət belə aiddir” – deyib.
Həqiqətən də qocanın cavabı maraqlı olduğu qədər də ibrətlidir. Deməli, yanlış miqdarda, dozada və ya yanlış şəxs tərəfindən istifadə edildikdə, demək olar ki, hər şey zəhərli və ya zərərli ola bilər. Hətta saf su, ümumiyyətlə zərərsiz maddələr belə müəyyən hallarda zəhərli ola bilər.
"Zəhərli olmayan nəsə varmı?" sualına Alman İntibah dövrünün filosofu, "toksikologiyanın atası" kimi tanınan Parasels belə cavab verib: ”Hər şey zəhərlidir və zəhərsiz heç nə yoxdur. Nəyisə zəhərli edən onun yalnız dozasıdır”.
Ən təhlükəli zəhər elə insandaxili zəhərdir. Bəs biz hansı insanlara “zəhərli”, ”toksik” insan deyirik?
Birinci sıraya "Qulaqsızlar" aiddir. Bu ifadəni açmaq lazım gələrsə, qulaqsızlar, qulaq və beyin koordinasiyasını düzgün istifadə etməyənlərdir. Ümumilikdə kindən doğan qərəzli münasibətlərdə qarşı tərəfin nə dediyi, nə düşündüyü və nə hiss elədiyi onları qəti marağlandırmır. Belə insanların münasibətlərdə analiz etmə bacarığları da minimal dərəcədə olur. Bu insanlar inkişafa qapalı olmaları səbəbindən zərərli insan adlandırmaq mütləqdir.
İkinci sırada Dementorlar (Ruhunuzu istismar edənlər) qərarlaşır. Elə insanlar olur ki, özünüzü onların yanında hədsiz xoşbəxt, təhlükəsiz hiss edirsiniz. Bəzən də yalnız mənfi düşüncələri özündə cəmləşdirən və neqativ enerjidən başqa heçnə ötürməyən bədbin insanlar da cəmiyyətdə mövcud olması şübhəsizdir. Belə halda bədbin insanların ruhu sanki neqativlə qidalanır.
Gəlin, üçüncü sırada yer alan, yəni – "Həyatımıza heç bir məna qatmayanlar"la tanış olaq. Burda təkcə öz mənafeyinizi güdün deyilmir. Hamıdan bir şey alın, öyrənin və öyrənmədiklərinizi həyatınızdan çıxarın da deyilmir. Məsələn, həmsöhbətdaşınızın xüsusi bacarığı, ya da həyata qarşı dolğun məhəbbəti var. Siz bu cür insanlardan cürbəcür, maraqlı mövzuları dinləyərək zövq ala bilərsiniz. Ya elə, ya da belə, həyatınıza daxil olan insanlar sizə nəsə öyrədir. Hətta sizə sadəcə gözəl gülümsəməni belə öyrədə bilərlər. Həyata qarşı gözəl gülməyi… Yəni neytral insan yoxdu, ya sizi inkişaf elətdirən, ya da inkişafdan geri salanlar var. Sizin həyatınıza heç bir məna qatmayan insan sizi zəhərləməktən başqa bir iş görmür.
Toksik olan hər şeyin ümumi xüsusiyyəti mikrop kimi yoluxucu olmağıdır. Bunu mütləq bilməliyik ki, biz istəmədiyimiz müddətdə heç kim bizə zərər verə bilməz. Bu mütləq qəbul edilməlidir. Əgər bir insanın zəhərli və zərərli olduğunu müəyyən etmisinizsə, amma onlardan xilas olmağın yolunu bilmirsinizsə ən sadə yolları aşağıdakılardır:
Birincisi, sərhəd xəttinizi çəkməyiniz və məsafəni qorumaq ən əsas və daimi xilas yoludur. Onların əksinə xoşrəftarla mühitdən uzaqlaşın. Çünki münaqişəyə girmək, iki tərəfə də eyni dərəcədə olub-olmamasından asılı olmayaraq zərər vurmaqdan başqa heç bir şey ifadə etmir.
İkincisi, qarşınızdakı insanın zəhərli olmağını müəyyən etdikdən sonra diaoloqla bu problemi aradan qaldırılmasına inanır və güvənirsinizsə, bir-birinizə hisslərinizi bölüşün, amma bunu ağıllı yollarla eləməniz mütləqdir.Çünki gərgin anda zərərverən insanlarla diaoloqa girmək və özünüzü ifadə etmək çətin və qorxunc görünsə belə, nəticə sizi heyrətləndirə bilər.
Üçüncüsü, anladınız ki, bu insanları nə həyatınızdan çıxara bilərsiniz, nə də dialoqla həll edə bilərsiniz. Bu vaxt onlarla yavaş-yavaş münasibəti seyrəltmək sizin nicat yolunuz ola bilər.Siz özünü düzgün yolda görür və inanırsınızsa, o insanı həyatınızından yavaş-yavaş çıxarmağınız təbii həll yoludur. İstədiyiniz məqama çatdığınız yolda onların seyrçi olmağına icazə verin. Bu halda zərəri minimuma endirmiş olarsınız.
Bunun kimi bir çox insanlardan özümüzü qorumağın bir çox yolu var. Bu bir həqiqətdir ki, toksik insanlar sizin həyatınızda var və hər zaman olacaq. Bu bədbin insanları həyatınızdan çıxarmağa cəhd edin. Görəcəksiniz ki, emosional vəziyyətiniz yaxşılaşdı, həyata qarşı baxışınız köklü şəkildə dəyişdi.
Beləliklə, yazının ilk sətirlərindən artıqtamahlığın, artıq dozanın yan və yad təsirləri barədə qısa da olsa oxuduq. "Fransız xəstəliyi"nə dava tapan Paraselsin fikirlərilə tanış olduq.
Dünya filosoflarının deyə biləcəyindən daha aydın şəkildə böyük Nizami yaradıcılığında bu və digər mühüm məsələlər yer almışdır. Şairin "Sirlər xəzinəsi"ndə dövrünün təbiət elmlərinə, insan aləminə dərindən bələdliyi oxucunu heyrətə gətirir. Bizə aşkar olan məsələlərin də gizli xəzinəsinin olduğunu deyir. "Leyli və Məcnun" poemasından götürülmüş məşhur beyt yazının canını təşkil edir:
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da
Göründüyü kimi, canlının varlıq rəmzi olan su da artıqlığı ilə bəla gətirər. Beləliklə, mənfi vərdişlərin artması, çoxluğu ən pis halda bəşəriyyətə, kiçik miqyasda da elə məhz insanın özünü məhv etmiş olur.
Nizami Gəncəvi yaradıcılığında hər zaman mənəviyyat məsələləri, təlim və tərbiyənin, bir sözlə yaxşı insan olmağın xəritəsi cızılmışdır. Onun "İsgəndərnamə" əsərində olan hissədə oxuyuruq:
Həmişə dünyada yaxşılıq axtar,
Yaxşı ad almaqda əbədiyyət var!
Yaxşı adlananla yaxşı ol müdam,
Yoxsa sən özün də olarsan bədnam.
Zatı pis olana üz göstərmə sən,
Qurdu bəsləməkdən ziyan çəkərsən.
Şair insan oluşunu təmiz, pak dəyərləndirir. Və bu doğuluşun sonradan mənəvi çirklənməsinin ən başlıca səbəbi kimi bədgövhər adamlarla yaxınlığı göstərir. Qırmızı gövhəri saraldan, mayası pis, bədəsil canlılardan uzaq durmağı oxucuya çatdırır. Bildirir ki, insan gərək təmiz kimyasını küllə deyil, güllə bəsləsin.
Nizami Gəncəvi əməli pis olanların baxışlarını, sözlərini xoşagəlməz bəla kimi qəbul edir. Onların baxışlarını zərərli şüaya, nəfskarların nəfəsini zəhərli havaya bənzədir.
Samirə Kərimli, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi
Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi