Dil - xalqların, mədəniyyətlərin və tarixlərin bir-biri ilə əlaqələrində körpü yaradan ən böyük nümunədir. Dünyada mövcud olan dilləri bilmək və öyrənməyə çalışmaq insanın həyat tərzinin, dünyagörüşünün və özünün inkişafının formalaşmasına dəstək verən əsas amildir. Azərbaycanda xarici dil öyrənməyin və dünyaya çıxış əldə etməyin yolu Azərbaycan Dillər Universitetindən keçir desək, yanılmarıq.
Fəaliyyətinə 360 tələbə ilə başlayan universitetdə hazırda 7000-dən artıq tələbə təhsil alır. 5 fakültə, 8 şöbə, 30 kafedra, 20-dən çox dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir.
Bu təhsil ocağında tələbələrə təkcə dünya dillərinin xüsusiyyəti öyrədilmir, burada vətənpərvərlik, Vətənə sevgi hissləri təbliğ olunur. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsində universitetimizin məzunları da iştirak etdilər. Qəhrəmancasına vuruşaraq şəhid olan Teymur Osmanlı, Əzim Həsənov, Elvin Bayramov Prezident İlham Əliyevin sərəncamı ilə medallarla təltif edildi.
Təkcə ön cəbhədə deyil, arxa cəbhədə də tələbələrimiz fədakarlıq göstərdi. 44 günlük Vətən müharibəsində fakültənin həm müəllimləri, həm də tələbələri ixtisas dillərində Azərbaycan həqiqətlərini dünyaya çatdırdılar. “Twitter” sosial şəbəkəsində apardıqları media savaşını xüsusi vurğulamaq lazımdır.
#IStandWithAzerbaijan #KarabakhisAzerbaijan #GoAzerbaijan #ArmeniaIsTheAgressor #StopArmenianAgression #StopArmenia #StopArmenianOccupation həştəqləri dünya üzrə trend oldu. Bir daha məlum oldu ki, bizim gənclərin ən güclü silahı onların biliyi, təhsilidir.
Tərcümə fakültəsi nəinki Dillər Universiteti, eləcə də ölkə miqyasında tərcüməçi kadrlar hazırlayır. Fakültənin uğurları sırasında görkəmli pedaqoq, tərcüməçi İsmixan Rəhimovun adını xüsusilə vurğulmaq istərdik.
1987-ci ildən fəaliyyət göstərən Tərcümə fakültəsi uzun illərdir görkəmli, tanınmış tərcüməçilər hazırlanmasında böyük işlər görməklə yanaşı, dünya ədəbiyyatının və mədəniyyətinin ölkəmizdə tanınmasına böyük töhfə verir. Fakültə fəaliyyətə başladığı dövrdə yalnız üç dil: ingilis, fransız və alman dilləri üzrə tərcüməçi kadrı hazırlığı aparılırdı.
Hələ 90-cı illərdə pedaqoji fakültənin nəzdində fəaliyyət göstərdiyi dövrdən peşəkar müəllimləri ilə seçilib. Fakültənin müxtəlif sahələrdə fəaliyyət göstərən fəxri məzunları vardır. Fakültəyə uzun illər rəhbərlik etmiş, həmçinin alman ədəbiyyatını Azərbaycan dilinə çevirən görkəmli tərcüməçi Vilayət Hacıyev, həmçinin ingilis ədəbiyyatını Azərbaycan dilinə çevirən Qılıncxan Bayramov , Fialə Abdullayeva Sabir Mustafayev, Çərkəz Qurbanov kimi müəllimləri nümunə göstərə bilərik. Hazırda, məzunlarımız səfirliklərdə və dövlət strukturlarında peşəkar tərcüməçi kimi fəaliyyət göstərirlər. Bundan əlavə, ABŞ səfirinin tərcüməçisi Xaqani Əliyev, BMT-nın ilk azərbaycanlı tərcüməçisi Elvin Abbasbəyli və ispan dili üzrə ölkədə tanınmış tərcüməçi Elnur Həsənov kimi peşəkar tərcüməçilər də universitetin Tərcümə fakültəsinin məzunlarıdır.
Bir təhsil ocağının uğurlarından ürəkdolusu danışırıqsa, deməli, bu uğurun arxasında müdrik bir rəhbərin gərgin əməyi var. Məlumdur ki, 1 iyun 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti İham Əliyevin Sərəncamı ilə akademik Kamal Abdulla universitetin rektoru təyin edilib.
Universitetdə Multikulturalizm mərkəzi, Macar dili və mədəniyyəti mərkəzi, İndoneziya araşdırmalar mərkəzi, İsrail və Yaxın Şərq araşdırmalar mərkəzi, Serb dili və mədəniyyəti mərkəzi, Hindi dili və mədəniyyəti mərkəzi, Rusiyaşünaslıq mərkəzi, Pakistan dili və mədəniyyəti mərkəzi, Erməni araşdırmalar mərkəzi, Yunanıstan mədəniyyət mərkəzinin açılması məhz Kamal Abdullanın adı ilə bağlıdır.
Ölkənin ali təhsil ocaqları arasında ilk dəfə məhz Azərbaycan Dillər Universitetində “Bir günlük xəlifə” ənənəsinin əsası qoyulub. Layihə çərçivəsində tələbələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edir, həmin gün rəhbər vəzifələri icra edən tələbələrin qərarları tam hüquqi qüvvəyə malik olur. Tələbələr universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla rəhbər vəzifəyə namizədliklərini verə bilirlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin "Kölgə kabineti”ni formalaşdırır, kabinet növbəti "Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.
Akademik Kamal Abdullanın universitet üçün etdikləri təkcə müəssisədaxili yeniliklərlə yekunlaşmır. Bunun nəticəsidir ki, Azərbaycanda ilk dəfə olaraq məhz Dillər Universiteti QS beynəlxalq reytinq cədvəlində 161 ölkədən 1594 ali təhsil müəssisəsi arasında 301-ci yerə layiq görülüb və indi Azərbaycan Dillər Universiteti 75-ci müdrik yaşını böyük bir uğurla qeyd edir. Daha böyük uğurlara, daha uzun illərə, daha uğurlu gələcəyə doğru, doğma universitet!
Bənövşə Məmmədova
Filologiya üzrə fəlsəfə doktoru