Bilmirəm, nə vaxtsa, qan bağınız olmasa da birinin yoxluğu sizi üzüb, ya yox. Amma mən bunu bir müddət əvvəl yaşamışam. Ötən ilin avqust ayında Müslüm Maqomayevin 80 illik yubiley konsertində idim. Hamı Müslüm Maqomayevlə bağlı xatirələrini bölüşürdü, ona ithaf edilən, onun vaxtilə oxuduğu ifaları səsləndirirdi. Həmin ifalar arasında bir mahnı mənə xüsusilə təsir etmişdi...
Mən o ifada insanın çox sevdiyi birini itirməsinin necə ağrılı olduğunu, öz əzizini qayıtmağa necə səslədiyini dərindən hiss etdim, yaşadım, hətta kövrəldim. Bu elə bir hiss idi ki, o acını bir neçə gün öz qəlbimdə hiss etdim. Söhbət Zərifə Əliyevaya həsr edilən “Qayıt, əzizim...” ifasından gedir. Bu mahnının qəlbimdəki yeri fərqlidir. Bilmirəm, indi başqa bir dərdi bölüşmək üçün dinlədiyim bu ifayla bəlkə də nə vaxtsa, kimisə itirəndə təsəlli tapacağam...
İtirmək nə qədər çətin olsa da, qovuşmaq da bir o qədər sevinclidir. Boşuna deməyiblər, vüsalın şirin dadını həsrət çəkənlər bilər. Zərifə xanım Heydər Əliyev üçün bütün şeirlərin, mahnıların ən üst səviyyəsini ifadə edirdi. Əminəm ki, Heydər Əliyevin hisslərinin yüzdə biri belə bu gün məni kədərləndirən o misralardan daha da ülvi idi...
Yaranışdan bütün bəşər övladına məxsus ali bir duyğu doğulub köksümüzdə, göyərib, boy göstərir. Zaman keçdikcə daha da əlvanlaşan, daha da müqəddəsləşən, hiss və düşüncələrimizə hakim kəsilən o duyğu ən dar məqamlarda ən yaxın köməkçimizə çevrilir. Həyatdan əlimizi üzəndə o duyğu əlimizdən tutur, inamımızı, istinadgahımızı itirəndə o duyğu bizim üçün inanma, istinadgaha çevrilir. Nə vaxtsa o duyğunu Sevgi adlandırırıq. Mental yaddaşımız Leyli və Məcnun, Əsli və Kərəm, Tahir və Zöhrə, İlham və Fərizə misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır. Ulu öndərimiz Heydər Əliyev öz ömür-gün yoldaşı, mərhum akademik Zərifə xanım Əliyevaya olan sonsuz sevgisi və bu sevginin etirafi ilə mənəviyyat tariximizdə bütöv nəsillərə örnək ola biləcək bir sevgi rəvayəti də yaratdı.
Təməlində həqiqətin olduğu bu rəvayətin bir qütbündə xalqın böyük oğlu Heydər Əliyev dayanırsa, digər qütbündə Azərbaycan qadınlığının mücəssəməsi Zərifə Əliyeva dururdu. Onun parlaq həyatı hadisələr və mənalarla zəngindir. Məni isə ən çox düşündürən Onun analıq fenomenidir. Zərif bir ana necə böyük bir qüdrət daşıya bilir. Dünyaya necə böyük insanlar bəxş edə bilər, xalqın taleyində necə misilsiz iz qoya bilər. Analıq doğrudan da təbiətin ən böyük möcüzəsidir! Analar həyatda ən çətin olan iki şeyə qadirdirlər: həm böyük tale, həm də böyük xoşbəxtlik bəxş edə bilmək qüdrətinə. Bu cəhətdən də Zərifə xanım unikal bir qadın idi.
Tale onları sanki qırmızı bir iplə bir-birinə bağlamış, heç kimin, heç nəyin bu münasibətə qarşı çıxmasına şərait yaratmamışdı. Bu da həyatın bizə bəzi hallarda verdiyi hədiyyələrdən biridir. Bunu Heydər Əliyevin özü də bilirdi. Bilirdi ki, Zərifə xanım onun üçün ilahinin bir bəxşidir. Bilirdi ki, onu öz çıxışlarında daim böyük məhəbbəti və fədakar, sədaqətli həyat yoldaşı kimi təqdim edirdi.
Şübhəsiz, böyük sevgilər insanın cismi bu dünyadan köçəndə ölmür. Əksinə, ruhumuza hoparaq hər iki dünyada əbədi yaşayır...
Günel Abbas