Logo

Sənət məktəbindən peşə təhsili mərkəzlərinə

29.07.2023 23:59 389 baxış
IMG

Peşə təhsili müəssisələri gələcəyin tələbinə uyğun mütəxəssis hazırlayır

Azərbaycanda sənətkarlığın yayılması sənət verən məktəblərin formalaşmasına gətirib çıxaranda artıq XIX əsr idi. Sənətin deyil, sənət məktəblərinin yarandığı vaxtdan düz 180 il keçir. Dönüb ötən illərə nəzər salanda enişli-yoxuşlu bir yol görürsən. 1843-cü ildə Şəkidə “Təcrübi ipəkçilik məktəbi” ilə əsası qoyulan texniki-peşə təhsili indi olduğu mövqeyə bu 180 ildə heç yaxınlaşıbmı?

“İlk dual”

Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr  şöbəsinin müdir müavini Nigar İsmayılzadə deyir ki, XIX əsrdə təsərrüfat formasından iri inhisarçılığa keçid, neft bumu dövrlərində xeyriyyəçilərin təhsilə sərmayə qoymaları, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması peşə təhsili sisteminin formalaşmasında vacib rol oynayıb. Bu proseslərin nəticəsi olaraq 1879-cu ildə Naxçıvanda xarrat və çilingərlik ixtisasları üzrə kadr hazırlayan 3 illik şəhər peşə məktəbi və qadın peşə məktəbi yaradılıb. Çox keçmədən, 1884-cü ildə Gəncədə metal emalı üzrə sənət məktəbi qurulub. Sonra sıra Bakıya gəlib.  1887-ci ildə Bakı şəhər sənət, 1895-ci ildə Bakıda orta inşaat-mexaniki peşə, 1898-1900-cu illərdə isə orta texniki-peşə məktəbləri yaradılıb.

Proses Cümhuriyyətdən sonrakı dövrdə də peşə təhsilinin xeyrinə inkişaf edib: “Sovet İttifaqı dövründə fabrik-zavod şagirdliyi məktəbləri açılıb. Bu da hazırda “dual təhsil modeli” kimi tətbiq olunan prosesin ilk formalarından idi. O cümlədən 40 yaşına kimi texniki-peşə təhsilinə icbari status verən və hərbi mükəlləfiyyətdən azad edən normativ-hüquqi baza yaradılıb”.

Peşə təhsilində Heydər Əliyev dövrü

Peşə təhsilinin yüksəlişi isə XX əsrin ikinci yarısında, Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsində qeydə alınıb. 1965-ci ilə qədər olan rəqəmlərlə müqayisədə bu dövrdə inkişaf göstəriciləri 2 dəfə civarında idi: “Peşə məktəblərinin sayı 1.7, təhsilalanların sayı isə 2.5 dəfə artdı”.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunan qərar və qanunlar inkişafın hüquqi bazası, təməli oldu: “1971-1975-ci illər üçün texniki-peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirilib. Həmin illərdə 54 yeni texniki-peşə təhsili müəssisəsi fəaliyyətə başladı. 1970-82-ci illərdə respublikada texniki-peşə məktəblərinin sayı 76-dan 184-ə,  həmin müəssisələrdə təhsil alan şagirdlərin sayı 40.9 mindən 109 minə çatdı. 1978-1987-ci illərdə Azərbaycanda 5276 yerlik texniki-peşə təhsili kompleksləri, 2400 yerlik tədris binaları, 2800 yerlik təcrübə korpusları, ümumi sahəsi 15559 kv.m. olan yataqxana binaları tikilib istifadəyə verildi, 194 tədris istehsalat emalatxanası, 786 tədris kabineti və laboratoriyası yaradıldı”.

1984-cü ildə keçmiş SSRİ-də ümumi təhsil və peşə təhsili üzrə islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi mexanizmi işlənib hazırlandı.

Sistem də çökdü, peşə təhsili də

Sovet İttifaqının dağılması ilə peşə təhsilinin inkişafı da dayandı. Nəinki inkişafı dayandı, hətta bir-bir müəssisələr çökdü: “Bir çox zavodlar fəaliyyətini dayandırdı, əlaqələr qırıldı, siyasi proseslərlə əlaqədar olaraq iqtisadi böhran vəziyyəti yarandı. Bu da peşə təhsilində idarəetmə, məzmun və tədris bazasının zəifləməsinə gətirib çıxartdı. Respublikada hökm sürən hərc-mərclik nəticəsində bir sıra texniki-peşə məktəbləri bağlandı, bir çoxunun maddi-texniki bazası dağıdıldı. Mövcud təhsil ocaqlarının yetərincə maddi-texniki bazaya malik olmaması, uzunmüddətli perspektivə hesablanmış təhsil strategiyasının reallaşdırılmaması bu sferanın vəziyyətini daha da ağırlaşdırdı, peşə təhsili tamamilə sıradan çıxdı”.

Nigar İsmayılzadə deyib ki, Ulu Öndər yenidən hakimiyyətə qayıdandan sonra “Azərbaycan Respublikasında peşə təhsilinin təkmilləşdirilməsi tədbirləri haqqında” qərar qəbul etdi. “Peşə təhsili  sahəsində  ixtisas  və  ixtisaslaşma  klassifikatoru”  da məhz Heydər Əliyevin sayəsində təsdiq edildi.

Peşə məktəblərinin yeni dövrü: modernləşmə başladı

Ancaq peşə təhsilinin rolu, nüfuzu Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsi olaraq daha da artdı. İlk dəfə olaraq, peşə təhsilinin məzmununun fəhlə kadrları hazırlamağa deyil, sahibkar ola biləcək müasir bacarıq və səriştələrə malik mütəxəssis yetişdirməyə doğru təkmilləşdirilməsinə başlandı.

Təhsilin strateji sahə kimi tərəqqisi üçün hər il büdcədən artımlı maliyyə ayırmalarının verilməsi və müvafiq addımların atılması təhsilin keyfiyyətini günü-gündən yüksəltdi: “1993-cü ildən 2003-cü ilə qədər bu sahədə ciddi irəliləyişlər baş versə də, həlli zəruri olan bəzi problemlər qalırdı. 2003-cü ildən başlayaraq, həyata keçirilən modernləşmə siyasəti təhsil sektorunun da inkişafına təkan verdi. Əsasən 2015-ci ildən etibarən, peşə təhsili sisteminin inkişaf etdirildiyini görürük. Müasir tələblər səviyyəsində qurulan peşə təhsili müəssisələrində təhsil xidmətlərinin göstərilməsini təmin edə biləcək maddi-texniki, təşkilati-hüquqi və tədris metodiki şəraiti yaradılır. Bu zəmində peşə təhsili sisteminin yüksək sosial-iqtisadi səmərəliliyinə nail olunur, eləcə də, bu sahədə infrastruktur işlərinin başa çatdırılması və güclü maddi-hüquqi baza formalaşdırılması üçün strateji əhəmiyyətli dövlət proqramları həyata keçirilir. Azərbaycan Prezidentinin  2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” növbəti mərhələyə işıq saldı. Sənədə əsasən, dünyada artan rəqabətə hazır olmaq üçün ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Müasir təhsil, innovasiyaları təşviq edən şərait yaratmaq qarşımızdakı əsas şərtdir”.

“Müasir dual”

Hazırda peşə pilləsində dünyanın ən qabaqcıl ölkələrinin təcrübələrini öyrənir,onlardan bəhrələnir və bu istiqamətdə ardıcıl işlər görülür: “Artıq informasiya əsri, rəqəmsal texnologiyaların yaratdığı iqtisadiyyat platformaları, süni intellekt və “Dördüncü Sənaye İnqilabı” dövrüdür. Bu çağırışın öhdəsindən gəlmək üçün işəgötürənlərlə sıx əməkdaşlıq, əmək bazarının gələcək tələblərinə uyğun müasir və qabaqcıl təhsil modelləri əsasında məzmun tələb olunur. Türkiyə, Koreya, Almaniya kimi beynəlxalq tərəfdaşlarımız ilə müxtəlif layihələr çərçivəsində əməkdaşlıq həyata keçirilir və pedaqoji heyətin bacarıqlarının təkmilləşdirilməsinə dəstək verilir”.

Nigar İsmayılzadənin fikrincə, peşə təhsilinin bu gün üçün prioriteti bəllidir. Ölkədə həyata keçirilən təhsil siyasətində peşə təhsilinin rolunun və statusunun artırılması mühüm yer tutur: “Burada dövlət-özəl əməkdaşlığı və işəgötürənlərin peşə təhsilinin təşkilinə inteqrasiyası, eləcə də peşəyönümü işi və peşə təhsilinin imicinin yüksəldilməsi əsas istiqamətdir”.

Ölkədə XXI əsrin dəyişən əmək bazarının tələbatına çevik uyğunlaşan, sürətlə inkişaf edən sənaye üçün yeni bilik, bacarıq və kompetensiyalara malik insan kapitalı yetişdirən peşə təhsili sistemi qurulur: “Təhsil müəssisələrimizdəki tədrisin beynəlxalq standartlara uyğunluğu təmin edilir. Məqsədimiz iqtisadiyyatın prioritet sahələri üçün kadr yetişdirməkdir. Bunun üçün dövlət-biznes əməkdaşlığı ilə irəliləyir, əlverişli tədris şəraiti yaradırıq. Əvvəllər  də mövcud olmuş, hazırda təkmil şəkildə bərpa olunan bir çox təşəbbüslər var. Məsələn, Almaniyanın dual təhsil modelinə əsaslanan iş yerində öyrənmənin əhatə dairəsi artırılır. 2015-ci ildən etibarən müxtəlif işəgötürənlərin iştirakı ilə turizm, kənd təsərrüfatı, xidmət, emal, sənətkarlıq, İKT və s. sahələrdə tətbiq edilən bu modelin uğurlu nəticələri  var. Sonuncu, 2022-2023-cü tədris ilində 9 region üzrə 756 tələbə dual təhsil modelinə əsaslanan proqramda peşə təhsili alır. Burada 60-dan çox işəgötürən tərəfdaş təcrübə keçməyə dəstək verir. Paralel olaraq, məzmun və təhsildə keyfiyyət baxımından əsaslı tədbirlər həyata keçiririk. Yeni sosial-iqtisadi inkişaf mərhələsində peşə təhsili müəssisələri optimallaşdırılır və rasionallaşdırılır, onlara publik-hüquqi şəxs statusu verilir. Tələbələrimiz “WorldSkills International” və “Technofest” kimi beynəlxalq festivallarda yarışır və iri şirkətlərdə təcrübə keçərək gələcəyin tələbinə uyğun mütəxəssis kimi formalaşırlar”.

Bəs, sabah?

Peşə təhsili ilə bağlı hədəflər ölkənin ümumi iqtisadi inkişaf strategiyasının tərkibində vacib kriteriyadır. Peşə təhsilinin əhatəsi artırılacaq. Mütəxəssislərin fikrincə, bu hədəf həm də bir çağırışdır, yeni resurslar, maddi-texniki baza, mühəndis-pedaqoji heyət və həmçinin işəgötürənlər, ümumilikdə bir növ kompleks şəkildə həcmin artırılması və yeni islahatlar, innovativ baxış deməkdir.

Peşə təhsili inkişaf edir

Peşə təhsili artıq ölkə təhsilinin ayrılmaz tərkib hissəsidir. Peşə təhsili və təlimi sisteminin inkişafının tarixini dövrlərlə şərh edən mütəxəssislər hesab edir ki, indiyədək iqtisadi canlanma və peşə təhsili siyasətinin paralel şəkildə həyata keçirildiyi bir yol izlənilib. Bu yol da peşə təhsilini üzüyuxarı aparır. Hədəf bəlli, yol doğrudur.

Ruhiyyə DAŞSALAHLI

Xəbər lenti