Uşaqlar burada alışdırıldıqları qaydalara evdə də sadiqdirlər
Artıq bir neçə aydır ki, dünya ilə birlikdə bir savaş veririk. Amma kiminlə savaşdığını bilmədən savaşırıq bu bəla ilə. Bildiyimiz, sadəcə onun ətrafımızda olduğu, bədənimizə daxil olmaq üçün fürsət gözlədiyi, əlinə keçən hər şansa qucaq açmasıdır. Düşdüyü yeri - insan orqanlarını fəlakət zonasına çevirdiyini də artıq öyrənmişik. Koronavirus ailəsindən olan COVİD-19 adlı bu bəladan qorunmaq üçün öncəliyimiz uşaqlardır. Onlara gözlə görünən düşmənlə olduğu kimi, görünməyən düşmənlə də mübarizə aparmağı öyrətmək bu günlərdə bilməli olduğumuz vacib həqiqətlərdəndir. Bəs, öyrədə bilirikmi?
“Evimizdə də məktəbdə bizə öyrətdikləri kimi edirik”
Bu sualın cavabını Bakı şəhərindən azacıq uzaqda - Xırdalan şəhərində axtardıq. Şəhərin 2 məktəbində ölkədə davam edən karantin qaydalarının tələblərinin hansı səviyyədə yerinə yetirildiyini, uşaqları necə qoruduqlarını öyrənməyə çalışdıq. Gördüyümüz bu oldu ki, məktəblər şagirdlərə özlərini necə qorumağı öyrədir: “Məktəbə bu il fərqli qaydada başladıq. Keçən il qoyub getdiyimiz kimi deyil məktəbimiz. Sinif yoldaşlarımızla məsafə saxlayırıq, bir-birimizə çox yaxınlaşmırıq. Bizə maska taxmaya da biləcəyimizi deyirlər. Ancaq məktəbimizdə bütün müəllimlərimiz maskadadır. Maska ilə özümüzü və yaxınlarımızı daha yaxşı qoruya biləcəyimizi öyrəndik. Ona görə, xüsusən tənəffüslərdə maskalarımızı taxırıq. Bu qaydalara əməl etməyi artıq öyrənmişik. Evimizdə də məktəbdə bizə öyrətdikləri kimi edirik. Valideynimlə marketə getmirəm. Əllərimi tez-tez yuyuram. Məktəbdə isə ehtiyac duyduqca spirtləyirəm. Sinfimizdə hər zaman spirt olur. Bu qaydalara əməl etmək heç də çətin deyil. Əvvəllər unudurdum. Sinifdə birimiz unudanda o birimiz ona xatırladırdıq. Ancaq artıq alışmışıq. Daha heç birimiz unutmuruq”.
Bura Xırdalan şəhərindəki 5 nömrəli tam orta məktəbdir. Məktəbin şagirdi Gülçin Nəcəflinin COVİD-19-u unutmaması heç təəccüblü deyil. Çünki məktəbin həyətindən daxil olduğun andan “gözəgörünməz” adlandırdığımız düşmənin obrazı gözlər önündə canlanır. Görməsən də, ondan özünü necə qoruyacağını istər-istəməz xatırlayırsan. Onunla necə mübarizə aparacağını artıq kiminsə deməyinə ehtiyac yoxdur. Yerdəki xətlərdən düşmənlə mübarizədə uğur qazanmaq üçün əməl etməli olduğun qaydalar aydın görünür. İlk şərt: dostlarınla, sinif yoldaşlarınla məsafə saxlamalısan. İkinci şərti binaya girən kimi xatırlayırsan. Təbii ki, əlində hərarət ölçən cihazla sənə yaxınlaşmaqda olan məktəblinin dostlarını görəndə. Kim olduğunu soruşmadan öncə bədən istiliyini müəyyənləşdirirlər. Onlar üçün bir qayda var: qapıdan yalnız şagirdlər, müəllimlər, təhsil işçiləri daxil ola bilər. Valideynlər birmənalı olaraq məktəb həyətinə belə buraxılmırlar.
Məcburi olmasa da, şagirdlərin çoxu maskalıdır
Direktor Şahin Yusifovun sözlərinə görə, artıq məktəbin 3125 şagirdi tələb edilən məsafəni qorumağı öyrənib: “Məktəbimizin 2 girişi var. Hər iki giriş şagirdlərimizin istifadəsindədir. Hər gün 4 əməkdaşımız şagirdlərin məktəbə girişinə nəzarət edir. Məktəbimizdə fəaliyyət göstərən “Məktəblinin dostu” layihəsinin əməkdaşları bu işdə bizə kömək edirlər. Müəssisəmizə 7 hərarət ölçən cihaz verilib. Həmin cihazlarla şagirdlərimizin bədən hərarəti ölçülür. Əlləri spirtlənir və bundan sonra sinfə buraxılırlar. Maska və üz sipərlərindən istifadə müəllimlərimiz üçün məcburi olsa da, şagirdlərimizdən belə bir tələbimiz olmur. Ancaq özünüzün də gördüyünüz kimi, məktəbdə şagirdlərimizin də çoxu maskadadır”.
“Təmizliyi pandemiya ilə öyrənməmişik”
Sinif otaqlarında partaların düzülüşü sosial məsafəni bir daha xatırladır. Dərslər saat 8.00-da başlayır. 30 nəfərdən ibarət siniflər A və B qrupuna bölünüb. Qruplar həftənin müxtəlif günlərində dərsə gəlir. Sadəcə V gün hər iki qrup məktəbdə olur. Ancaq günün ayrı-ayrı vaxtlarında. Məktəbin dərs cədvəli divardan asılıb. Virtual və üz-üzə dərs saatları müəyyənləşib. Məktəbdə dərslər, əsasən ənənəvi qaydada - üz-üzə keçirilir.
Məktəbin 120 nəfər məktəbəhazırlıq qrupu, 330 nəfər birincisi var. Dərslər 45 dəqiqə çəkir. Hər dərsdən sonra siniflər havalandırılır, növbə dəyişəndə xüsusi məhlullarla dezinfeksiya edilir. 2012-ci ildə tikilib istifadəyə verilən 5 nömrəli tam orta məktəbin binası səliqəli, təmizdir. Ş.Yusifovun sözlərinə görə, onlar uşaqlara özünü də, onlara məxsus olanı da qorumağı öyrətməyi bacarıblar. Odur ki, məktəb binasını həm şagirdlər, həm müəllimlər qoruyur. Məktəb öz şagirdlərinə onlara yaradılan imkandan düzgün istifadə etməyi öyrədə bilib: “Məktəbimiz çox yaxşı vəziyyətdədir. Burada səliqə-səhmana və təmizliyə daim əməl edirik. Biz təmizliyi pandemiya ilə öyrənməmişik. Tualetlərimiz hər zaman təmiz olur. Kranlarımızda daim su var. Pandemiya dövründə təmizliklə bağlı hər hansı yeni qayda tətbiq etməmişik. Tualetlərimizdə salfetlər, yuyucu vasitələr olur. Bütün bunlarla bizi Təhsil Nazirliyi təmin edir. Tibbi maskalar, sipərlər, dezinfeksiyaedici vasitələrlə mütəmadi təmin edilirik. Bu istiqamətdə hər hansı çətinliyimiz yoxdur”.
5 nömrəli məktəbdə tibb bacısı və izolyasiya olunmuş otaq var. Ş.Yusifovun sözlərinə görə gün ərzində şagird və müəllimlərin səhhətində hər hansı problem yaranarsa, bu otağa gedir: “Virusa qarşı şagirdlərimizlə bərabər, valideynləri də təlimatlandırırıq. Onlarla mütəmadi söhbətlərimiz olur. Pandemiya şəraitində əməl etməli olduğumuz qaydaları onların gözü qarşısında tətbiq edirik. Düşünürük ki, bu, onları da eyni qaydalara əməl etməyə sövq edir”.
10 nömrəli məktəbdə vəziyyət təlimata uyğun tənzimlənir
Xırdalan şəhərindəki 10 nömrəli tam orta məktəbin həyətində ölkədə pandemiya şəraitinin davam etdiyi aydın görünür. Qayda qaydadır və məktəb buna əməl etməyi şagirdlərinə öyrədib. Artıq ikinci növbənin dərsləri başlayıb. Siniflərdə şagirdlər tək-tək oturub. Müəllimlərin ağzı və burnu maska ilə örtülüdür. Siniflərdə spirtlər qoyulub.
Müəllimlərdən texniki işçilərə qədər hər kəs həm də üz sipərindən istifadə edir. 4 giriş-çıxışı olan məktəbdə şagirdlərin həmin girişlərdən ayrı-ayrı vaxtlarda istifadə etmələrinə mütəmadi nəzarət olunur. Dərs saatları sürüşdürmə prinsipi ilə qurulub.
Məktəb bufeti işləmir. Məktəb tualetləri, sadəcə pandemiya dövründə deyil, ondan əvvəl də diqqət mərkəzində olub. Daim müzakirələrə səbəb olan bu məsələyə indi xüsusilə diqqət yetirilir. Tualetlərə maye sabun, nəm və quru salfetlər, tualet kağızı qoyulub.
Təhsil müəssisəsində məktəbəhazırlıq qrupları da təşkil olunub. 113 nəfər azyaşlının təhsilə başladığı məktəbdə onların da rahatlığı və təhlükəsizliyi düşünülüb.
Məktəbin həkimi Xatirə Rəhimova gün ərzində şagirdlərin, sadəcə bədən hərarətinə deyil, ümumiyyətlə, sağlamlığına nəzarət etdiyini deyir. Gün ərzində kabinetdə oturmayaraq vaxtaşırı siniflərə daxil olur, ümumi vəziyyətə nəzarət edir. Onun sözlərinə görə, məktəb pandemiya şəraitində şagirdlərinin tam təhlükəsiz təhsil almasını təmin etmək iqtidarındadır.
10 nömrəli tam orta məktəbin direktoru Elnarə Həsənovanın sözlərinə görə, 1646 şagirdi olan məktəbdə vəziyyət təlimata uyğun tənzimlənir: “Məktəbimizdə təmizliyin təmin olunması, mütəmadi dezinfeksiya işlərinin görülməsi üçün hər hansı çətinliyimiz yoxdur. Bütün bunlar bizə Təhsil Nazirliyi tərəfindən vaxtında və problemsiz çatdırılır. Ötən həftə Gigiyena və Epidemiologiya Mərkəzindən nümayəndələr də məktəbimizdə oldu. Karantin rejimində, ümumiyyətlə, pandemiya şəraitində əməl etməli olduğumuz qaydaların tətbiqi vəziyyətilə maraqlandılar. Hər hansı iradları olmadı”.
Məktəb direktorunun sözlərinə görə, qaydalara tam əməl etdikləri nəticələrdən də görünür. Belə ki, indiyədək məktəb şagirdləri və müəllimlər arasında virusa yoluxan olmayıb: “V-IX siniflərin dərsi başlamadan öncə bir şagirdimizin valideyninin virusa yoluxduğu barədə məlumat verilmişdi. Həmin şagirdimiz bir müddət dərslərə qatılmadı. Məktəbimizin şagirdləri və kollektivi arasında indiyədək hər hansı yoluxma qeydə alınmayıb”.
Valideyn: “Mən də evdə Mədinənin mənə qoyduğu bu qaydalara əməl edirəm”
Məktəbdən çıxarkən bir valideynlə qarşılaşırıq. Burada Ramilə Məmmədovanın qızı oxuyur. Dediyinə görə, o da uzaqdan məktəbdə görülən işləri maraqla izləyir: “Məktəbimiz həmişə səliqəli olub. Buradakı təmizlikdən çox razıyam. Xirdalandaki ən yaxşı məktəblərdən biridir məktəbimiz. Burada uşaqlara qaydaları elə təlqin edirlər ki, məktəbdən sonra onlar da bizə nəzarət edirlər. Qızım Mədinə VII sinif şagirdidir. Evdə hər kəsin əlinin təmizliyinə o diqqət edir. Sinifdə alışdıqları məsafəyə evdə də əməl edir. Uşaqlarımızın öyrəndikləri qaydalara məsuliyyətlə əməl etdikləri xoşuma gəlir. Mən də evdə Mədinənin mənə qoyduğu bu qaydalara əməl edirəm”.
Ruhiyyə DAŞSALAHLI