Logo

Pedaqogika kafedrasının akademik heyəti seminarda iştirak edib

09.10.2024 09:12 212 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının akademik heyəti Beynəlxalq Disleksiya Maarifləndirmə həftəsinə həsr olunmuş seminarda iştirak edib.

5 oktyabr tarixində Bakıda uşaqlarda disleksiya və diskalkuliyanın aşkarlanması və onlar üçün tədris şəraitinin yaxşılaşdırılmasına həsr olunmuş seminar keçirilib.

 Beynəlxalq Disleksiya Maarifləndirmə Gününə həsr olunan seminar Avropa mütəxəssisləri ilə təcrübə mübadiləsi aparmaq, həmçinin, Azərbaycanda müəllimlər və valideynlər arasında disleksiya problemləri haqqında məlumatlılığın artırılmasına yönəlib.

Tədbirdə inklüziv təhsildə qabaqcıl dünya təcrübələrindən bəhs edilmiş, xüsusi təhsil ehtiyacları olan uşaqlara uğurlu və hərtərəfli inkişaf üçün ən uyğun şəraitin təmin edilməsi mövzularına toxunulub.

 Belə ki, seminarda çıxış edən Almaniyalı inklüziv təhsil və öyrənmə üzrə mütəxəssis Saskia Grope disleksiya və diskalkuliyası olan uşaqlarla iş təcrübəsi haqqında öz təcrübəsini bölüşüb.

 Seminardan sonra beynəlxalq mütəxəssislər və ADU-nun Pedaqogika kafedrasının akademik heyəti arasında müzakirə təşkil edilib.

 Beynəlxalq ekspertlərə ölkəmizdə Pedaqogika və İnklüziv təhsilin pedaqogikası fənlərinin tədrisində disleksiya və diskalkuliya mövzularına geniş yer ayrılması barədə məlumat verilib, gələcək əməkdaşlıq perspektivləri haqqında  fikir mübadiləsi aparılıb.

 Qeyd edək ki, disleksiya simptomlarının erkən diaqnostikasının onun korreksiyasında böyük rolu vardır. Disleksiyanın əsas əlamətləri oxuma və yazmada çətinliklərdir ki, inklüziv təhsil sistemi bu problemlə üzləşən uşaqları dəstəkləmək üçün dəstəkləyici mühit yaradılmasını tələb edir.

Disleksiya təkcə tədrisdə çətinlik deyil, həm də digər sahələrdə parlaq istedadlarla müşayiət oluna bilən unikal xüsusiyyətdir.

Albert Eynşteyn, Tomas Edison və Stiv Cobs kimi dünyaşöhrətli şəxslərdə də disleksiya əlamətləri müşahidə edilib, lakin bu onların öz sahələrində misilsiz uğurlar qazanmalarının qarşısına sədd çəkməyib.

 Disleksiya əlamətləri olan uşaqların potensialını ortaya çıxarmaq üçün dəstəkləyici mühitin yaradılması inklüziv təhsilin konseptinin əsas məqsədlərindən biridir. Disleksiyanın erkən yaşlarda aşkar edilməsinin şagirdlərin məktəb mühitinə uğurlu uyğunlaşmasında və onun gələcək inkişafında rolu ölçüyəgəlməzdir.

Xəbər lenti