Dekabrın 4-də Elm və Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib.
Tehsil.biz xəbər verir ki, konfransın keçirilməsində məqsəd beynəlxalq təcrübənin müqayisəli şəkildə öyrənilməsi və yerli xüsusiyyətlərin nəzərə alınaraq tətbiqi ilə məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq və yerli qabaqcıl təcrübənin geniş auditoriyaya çatdırılmasına xidmət etməkdir.
TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov 1-5 yaş arasındakı uşaqların cəmiyyətə layiqli vətəndaş kimi formalaşmasında keyfiyyətli məktəbəqədər təhsilin önəmindən danışıb. O, 2023-2024-cü illərdə 150 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin keçirildiyini bildirib və daxili keyfiyyətin təmin olunması məqsədilə müəssisə rəhbərləri ilə təşkil edilmiş mentorluq proqramı barədə ətraflı məlumat verib.
Sonra elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təsbit olunmuş məktəbəqədər təhsilin nəticəyönümlü və ölçüləbilən hədəfləri barədə danışıb. Əhatəliliyin təmin olunması məqsədilə son illər həyata keçirilən məktəbəhazırlıq qruplarının əhəmiyyətini vurğulayıb və bu birillik proqramın məktəbə daha hazırlıqlı başlamağa əhəmiyyətli şəkildə müsbət təsir göstərdiyini qeyd edib. Həmçinin nazir erkən təhsil pilləsinin insan həyatına əsaslı təsiri və məktəbəqədər təhsilin inkişaf dairəsinin genişləndirilməsi istiqamətində yeni modellər və gələcək planlara dair məlumat verib.
Elm və təhsil naziri çıxışının sonunda məktəbəqədər təhsil müəssisələrində keyfiyyət təminatını artırmaq üçün sertifikasiya prosesinin tətbiq olunacağını istisna etməyib.
Konfransın davamında “Məktəbəqədər təhsildə yaşıl nümunələr və oyunəsaslı öyrənmə” və “Məktəbəqədər təhsildə davamlı keyfiyyət və onun idarə olunması” mövzularında panel müzakirələri keçirilib. Panellərdə Kindred Erkən İnkişaf Fondunun direktoru, Ofsted-Təhsil, uşaqlara xidmət və bacarıqlar üzrə standartlar ofisinin İdarə Heyətinin üzvü, Böyük Britaniyanın Təhsil departamentinin məsləhətçisi Felesiti Gilespi, “Təbiətdə öyrənirəm”in rəhbəri, təbiət pedaqogikası üzrə təlimçi Qaye Amus, Vaşinqton Universitetinin assistent professoru Aytəkin Hüseynli, Cənubi Florida Universitetinin təhsilin idarə olunması üzrə doktorantı Lalə Orucova, Bakı şəhəri 23 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçi-müəllimi Nərmin Məhərrəmova təqdimatla çıxış ediblər.
Qeyd edək ki, beynəlxalq konfrans “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı üzrə strateji çərçivə”sindən irəli gələn vəzifələri əsas götürməklə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib.