AMEA-nın Mərkəzi Elmi Kitabxanasının əməkdaşlarına EBSCO məlumat bazasının xidmətlərində olan yeniliklər haqqında məlumat vermək və kitabxananın bazaya qoşulması imkanlarını müzakirə etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) EBSCO-nun MDB üzrə meneceri Aleksandr Rıtovla görüş keçirilib.
MEK-dən Tehsil.biz-ə bildirilib ki, rəqəmsallaşdırma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini Oruc Quliyevin və kitabxana xidməti üzrə direktor müavini Şəhla Quliyevanın müşayiətilə qonaq kitabxana ilə yaxından tanış olub, fondlarını gəzib, nəşrlərə baxıb, elektron kitabxana haqqında ətraflı məlumat alıb.
Dəyirmi masa ətrafında davam edən görüşdə EBSCO-nun MDB üzrə meneceri Aleksandr Rıtov öncə Mərkəzi Elmi Kitabxanada oxucular üçün yaradılan şərait və elektron kitabxana haqqında müsbət fikirlərini bildirib.
Daha sonra ABŞ-ın nüfuzlu şirkətləri sırasında yer alan EBSCO-nun tarixi haqqında məlumat verərək şirkətin aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisi olduğunu qeyd edib. A.Rıtov xatırladıb ki, hazırda dünyanın 98 mindən çox nəşriyyat evi ilə tərəfdaşlıq edən qurumda 400-dən artıq verilənlər bazası və elektron kitab kolleksiyası var. Çıxışı zamanı qurumun nümayəndəsi təhsil platformaları ilə kitabxana resurslarının inteqrasiyası, açar sözlər üzrə axtarış, mövzu indeksləri, coğrafi terminlər, təsnifat kodları, EBSCOhost platformasında elmi axtarış metrologiyası və bu kimi digər mövzulara toxunub.
Görüşdə bazanın məlumat mənbələrindən faydalanmaq və abunə məsələləri ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.