Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əməkdaşları Gəncə Dövlət Universitetində (GDU) “Dövlət qulluğunun üstünlükləri, cari vəziyyət və perspektiv planlar” mövzusunda görüş keçiriblər. Görüşdə rektorun baş müşaviri Asif Cavadov, Təcrübə və Karyera şöbəsinin müdiri Cabbar Qarayev, ƏƏSMN-in Dövlət qulluğu və kadr məsələləri şöbəsinin əməkdaşları Rauf Əliyev, Elşad Əliyev, Xalid Məmmədov və universitetin tələbələri iştirak ediblər.
Universitetdən TƏHSİL.BİZ-ə bildirilib ki, görüşdə çıxış edən Asif Cavadov dövlətimizin gənclər siyasətindən, gənc mütəxəssislərə yaradılan şəraitdən və ali təhsil müəssisələrində dövlət qulluğunun üstünlükləri ilə bağlı maarifləndirmə işinin həyata keçirilməsinin əhəmiyyətindən danışıb.
Sonra ƏƏSMN-in əməkdaşları Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nda dövlət qulluğunun təbliği və təşviqi istiqamətində görülən işlərdən və layihələrdən bəhs ediblər.
Daha sonra dövlət qulluğuna qəbul qaydaları, vakant vəzifələrin tutulmasının ümumi şərtləri, dövlət qulluğuna dair elektron xidmətlər barədə məlumat verilib.
Sonda dövlət qulluğuna qəbulla bağlı tələbələrin sualları cavablandırılıb.