Milli Kitabxanada istedadlı söz adamı Məmməd Aslanın anadan olmasının 85 illiyi münasibətilə kitab sərgisi təşkil olunub.
Kitabxanadan TƏHSİL.BİZ -ə bildirilib ki, “Əməkdar incəsənət xadimi Məmməd Aslan – 85” adlı sərgidə şairin əsərləri, tərcümələri, “Ön söz” müəllifi, tərtibçisi və redaktor olduğu kitablar, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.
Qeyd edək ki, Azərbaycan ədəbiyyatı tarixinə 60-cılar adı ilə daxil olan ədəbi nəslin ən istedadlı nümayəndələrindən sayılan şair Məmməd Muxtar oğlu Aslanov (Məmməd Aslan) 1939-cu il dekabrın 24-də Kəlbəcər rayonunun Laçın kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirdikdən sonra Kəlbəcər rayonunun Yanşaq və İstisu kənd məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi işləyib. Sonra rayonda nəşr olunan “Yenilik” qəzeti redaksiyasında işə başlayıb.
1970-ci ilin yanvarında Bakıya köçmüş, “Ulduz”, “Azərbaycan təbiəti”, “Pioner” jurnallarında, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetləri redaksiyalarında, “Yazıçı” nəşriyyatında müxtəlif vəzifələrdə çalışıb. 1992-ci ildən 2010-cu ilədək Azərbaycan Dövlət Televiziyasının “Ekran efir” qəzetinin baş redaktoru işləyib. Eyni zamanda, Azərbaycan televiziyasında uşaq folklorundan qidalanan “Əkil, Bəkil quş idi”, “Dərədən, təpədən”, “Xəzər” televiziyasında “Sözün özü” verilişlərinin aparıcısı olub.
Məmməd Aslan bədii yaradıcılığa 1960-cı ildə “Azərbaycan müəllimi” qəzetində dərc olunmuş lirik bir şeirlə başlayıb. “Dağ ürəyi”, “Bizdən sonra nə qalır?”, “Ömrün yarı yaşında”, “Bilməcədi bildiyimiz bu dünya”, “Saxla izimi, dünya..”, “Ürək möhlət verəydi”, “Varlıqla yoxluq arasında”, “Sözün özü” və s. kitabların müəllifidir. Bir neçə tərcümə kitabının da müəllifi olan şairin türk xalqlarının tarixi və ədəbiyyatı ilə bağlı kitabları da işıq üzü görüb.