Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ötən ilin aprelində keçirilən “Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə Baxış” respublika elmi-praktik konfransının materialları geniş oxucu kütləsi üçün kitab şəklində çapdan çıxıb.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən bildirilib. AzMİU-nun Elmi şurasının qərarı ilə işıq üzü görən nəşr mövzu ilə bağlı məruzə və tədqiqatları əhatə edib. Kitabda Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialının retrospektiv və perspektiv istiqamətləri, sosial-iqtisadi problemləri, memarlıq irsi, tarixi-etnoqrafik faktlar, həmçinin bölgənin iqtisadi və strateji əhəmiyyəti geniş şəkildə təhlil olunub.
Kitabda AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ilə yanaşı, elmi-tədqiqat institutlarının alimləri, iqtisadçılar və gənc tədqiqatçıların məqalələri də yer alıb. Nəşr Qərbi Azərbaycanın iqtisadi, sosial və tarixi tədqiqatlarına maraq göstərən hər kəs üçün dəyərli mənbədir.
Yeni nəşr yalnız elmi və tarixi həqiqətləri üzə çıxarmaqla kifayətlənməyərək, həm də Qərbi Azərbaycanın iqtisadi perspektivləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, bölgənin inkişafı üçün yeni ideya və təkliflərin irəli sürülməsi məqsədi daşıyır. AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədovun elmi redaktorluğu ilə hazırlanan kitab Qərbi Azərbaycan mövzusunda elmi araşdırmaların dərinləşdirilməsi və gələcəkdə bu istiqamətdə daha genişmiqyaslı tədqiqatların aparılması üçün zəngin və qiymətli vəsaitdir.