Logo

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

01.05.2025 11:57 58 baxış
IMG

30 aprel tarixində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Britaniya Şurası arasında imzalanmış birgə fəaliyyət planı çərçivəsində, Təhsil İnstitutu ilə əməkdaşlıqda hazırlanmış “ELSA Roadmap” (English Language Strategy for Azerbaijan Roadmap – Azərbaycan üçün İngilis Dili Strategiyası Yol Xəritəsi) sənədinin təqdimat mərasimi keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, “dəyirmi masa” formatında təşkil olunmuş tədbirdə Elm və Təhsil Nazirliyinin, Təhsil İnstitutunun, ali təhsil müəssisələrinin nümayəndələri və təhsil ekspertləri iştirak ediblər.

Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev tədbiri açaraq iştirakçıları salamlayıb və bu təşəbbüsün əhəmiyyətindən bəhs edib:
“Əsas məqsəd Azərbaycan ümumtəhsil məktəblərində ingilis dili tədrisini yaxşılaşdırmaqla bağlı müzakirələr aparmaq və yekun təklifləri formalaşdırmaqdır. Ümumilikdə, Azərbaycan məktəblərində ingilis dili tədrisinin qənaətbəxş vəziyyətdə olmadığı qənaətindəyik. Bunu məktəblərdə aparılan dərs dinləmələri və şagird nəticələri də sübut edir”, – deyə Elnur Əliyev bildirib.

O əlavə edib ki, 9-cu sinfi bitirən uşaqların nəticələri bu mənzərəni aydın şəkildə göstərir: “Burada müəllim hazırlığı, saatların azlığı kimi nüansları səbəb olaraq göstərmək olar. Müəllimlərin sertifikatlaşdırılmasında hər yüz ingilis dili müəllimindən 20-si birinci mərhələdən keçə bilməyib. Bu vəziyyət müəllimlərin işə qəbulu imtahanında da eynidir. Uzun illər ingilis dili tədrisində köhnə dərsliklər, artıq standartlara cavab verməyən dərs vəsaitləri istifadə edilirdi. Lakin son 5 ildə görülmüş işlər nəticəsində biz məktəblərdə bu fənn üzrə yeni dərsliklərin istifadəsinə başlamışıq”.

Elnur Əliyev həmçinin vurğulayıb ki, ingilis dili fənni üzrə yeni kurikulum da artıq yekunlaşmaq üzrədir və son illərdə müəllimlərin peşəkar inkişafı üçün bir çox təlimlər həyata keçirilib.

Tədbirdə sənədin hazırlanmasında iştirak etmiş beynəlxalq ekspert Simon Borg da təqdimat ilə çıxış edib. O bildirib ki, “ELSA Roadmap” sənədində ingilis dili səriştələri ilə bağlı milli hədəflər əks olunub:

“Artıq yeni kurikulumda dil tədrisi ilə bağlı vacib olan dörd bacarıq (oxu, yazı, dinləmə və danışma) inteqrasiya olunmuş şəkildə tədris üçün təqdim edilib. Mən deyərdim ki, bu yeni kurikulum əladır. Lakin burada nəzərə almaq lazımdır ki, dərs saatları nə qədərdir, müəllim hazırlığı hansı səviyyədədir və qiymətləndirmə alətləri tam şəkildə varmı?”

Ekspert həmçinin vurğulayıb ki, hazırda Azərbaycanda tətbiq olunan yeniliklər beynəlxalq təcrübəyə uyğun həyata keçirilir. Yeni dərsliklər sadəcə tərcümə deyil, həm də Azərbaycan kurikulumuna uyğunlaşdırılmış şəkildə hazırlanıb. Bununla belə, o bəzi çatışmazlıqları da qeyd edib:
“Əsas problemlərdən biri xarici dil üzrə sertifikatlaşdırmada danışıq meyarının kifayət qədər nəzərə alınmamasıdır ki, bu da dil tədrisinə mənfi təsir göstərir. Azərbaycanda ingilis dili tədrisindəki əsas problemlərdən biri də müəllimlərin məhdud kompetensiyaları və dörd bacarığa əsaslanan qiymətləndirmələrin olmamasıdır”.

Simon Borg sonda təklif edib ki, “İngilis dili müəllimliyi” ixtisası üzrə qəbul zamanı abituriyentin 11 illik xarici dil üzrə müvəffəqiyyət göstəriciləri də nəzərə alınsın: “Hazırlanan bu yeni sənəddə bu da tövsiyə olunub”.

Təqdimatdan sonra iştirakçılar sənəddə əks olunan istiqamətlər üzrə fikir mübadiləsi aparıb və təkliflərini səsləndiriblər.

Qeyd edək ki, bu strateji sənəd ölkədə ümumi təhsil sistemində ingilis dili tədrisinin mövcud vəziyyətini hərtərəfli təhlil edir. Sənəddə kurikulum, dərslik və resurslar, qiymətləndirmə sistemi, müəllimlərin ilkin və davamlı təhsili, işə qəbul prosesi və tədrisin keyfiyyəti kimi sahələr üzrə tövsiyələr təqdim olunur. Yol xəritəsi ölkə üzrə ingilis dili tədrisinin beynəlxalq standartlara uyğun inkişafını hədəfləyir. 

 

 

 

 


 

Xəbər lenti