Logo

Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Mərkəzi Elmi Kitabxanada olub

27.10.2025 16:47 51 baxış
IMG

Qazaxıstanın sənaye və tikinti nazirinin müavini Raxımjan İsakulov Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) qonağı olub.

Kitabxanadan TƏHSİL.BİZ -ə bildirilib ki, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov ilə keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında elm, mədəniyyət və kitabxana işi sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və inkişaf perspektivləri müzakirə olunub.

Görüş çərçivəsində Raxımjan İsakulov Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” (“Tarixlər toplusu”) ikicildliyini, eləcə də qazax tədqiqatçısı və alim Yerjan İsakulov tərəfindən monqol hökmdarlığı və ondan əvvəlki dövrlərə dair materialların tərcüməsini əhatə edən “Çingiz xan” kitabını Mərkəzi Elmi Kitabxanaya hədiyyə edib.

Daha sonra Raxımjan İsakulov kitabxananın fəaliyyəti və zəngin fondları ilə tanış olub. MEK-in direktoru qonağa Qarabağ müharibəsi qəhrəmanlarına həsr olunmuş fond və oradakı guşələr barədə ətraflı məlumat verib. Raxımjan İsakulov Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad edib, qazilərə cansağlığı arzulayıb.

Səfər zamanı, həmçinin Diplomatik fonda baxış keçirilib. Qonağa müxtəlif ölkələrin, o cümlədən Qazaxıstanın diplomatik nümayəndəlikləri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlər və guşələr təqdim olunub.

Görüşün sonunda MEK rəhbərliyi tərəfindən qonağa Azərbaycan tarixini əks etdirən nəşrlər hədiyyə edilib.

Xəbər lenti