2021-ci ilin 7 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup akademik və inzibati heyəti üzvü, tələbə və magistrantları Mingəçevir şəhərində yerləşən “Azərbaycan” İES-də ekskursiyada olublar. Bununla yanaşı, cari tədris ilində MDU-da yeni fəaliyyətə başlayan Qazi Universitetinin elektrik və elektronika mühəndisliyi sahəsi üzrə tanınmış iki professoru Ercan Nurcan Yılmaz və Cemal Yılmaz da ekskursiya heyətinin tərkibində yer alıblar.
Ekskursiya zamanı ziyarətçilər İES-in enerji blokları ilə yaxından tanış olub, elektrik enerjisinin istehsalı və ötürülməsi, vahid mərkəzdən idarə olunan elektrik stansiyaları, yarımstansiyaları, sistemtəşkiledici elektrik verilişi xətləri haqqında məlumatlandırılıblar.
Sonra, ekskursiya çərçivəsində dəyirmi masa keçirilib.
Dəyirmi masada MDU-nun tələbə və müəllim kollektivi üzvləri ilə bir arada olmaqdan məmnunluğunu bildirən “Azərbaycan” İES-in direktoru Təhmasib Hüseynov Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikintisinə başlanılan “Azərbaycan” İES-nin yaranmasından, fəaliyyət tarixindən və respublikanın elektrik enerjisinə olan təlabatının ödənilməsindəki rolundan bəhs edib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan” İES-in müasir tələblərə uyğun yenidən qurulmasından danışan T.Hüseynov hazırda stansiyanın gücünün əhəmiyyətli dərəcədə artdığını, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyinin təmin olunduğunu qeyd edib. İstehsalatda tətbiq edilən müasir texnologiyalardan və mühəndis yanaşmalarından söhbət açan T.Hüseynov bu sahədə müasir bilik və bacarıqlara sahib kadrlara böyük ehtiyac duyulduğunu vurğulayıb və bu baxımdan MDU ilə əməkdaşlığın önəmini diqqətə çatdırıb.
Səmimi görüşə və yüksək təşkilatçılığa görə “Azərbaycan” İES-in rəhbərliyinə təşəkkür edən MDU-nun tədris işləri üzrə prorektor əvəzi Veysəl Əyyubov tədbir iştirakçılarına rektor Şahin Bayramovun salamlarını çatdırıb. MDU-nun məzunlarını elektrik stansiyasının müvafiq struktur bölmələrində çalışdığını görməkdən məmnunluğunu ifadə edən V.Əyyubov yeni dövrün ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyən universitetdə mühəndis kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi ilə bağlı görülən işlərdən bəhs edib və bu istiqamətdə “Azərbaycan” İES ilə həyata keçirilən işbirliyinin daha da gücləndirilməsinin zəruriliyini bildirib.
Dəyirmi masa təhsil-sənaye əməkdaşlığı formatında qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərin müzakirəsi ilə yekunlaşıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və nəticəyönümlü tədqiqatların səmərəliliyinin artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.