Logo

Bakı məktəblərində metodiki seminarlar davam edir

11.10.2022 11:02 262 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji heyəti üçün təşkil olunmuş metodiki seminar davam edir.

İdarədən "Tehsil.biz"ə verilən məlumata görə, növbəti sessiyalar Xətai və Binəqədi rayonlarının ümumi təhsil məktəblərini əhatə edib.

Metodiki seminarlarda Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru İ.Həsənov, BŞTİ-nin müvafiq struktur bölmə əməkdaşları, TDM-in nümayəndələri, məktəb direktorları, təlim-tərbiyə və təşkilati işlər üzrə direktor müavinləri, psixoloqlar, kitabxanaçılar, fənn metodbirləşmə rəhbərləri, məktəb saytlarını idarə edən şəxslər iştirak ediblər.

Məktəb direktorları üçün təşkil olunmuş seminarlarda TDM-in direktoru İlkin Həsənov məktəb mühiti, müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin hərtərəfli vətəndaş kimi formalaşdırılması, fənn olimpiadalarına hazırlıq və valideynlərlə işin qurulması məsələlərinə toxunub. İ.Həsənov  metodiki seminarların  əhəmiyyətindən və müzakirə olunan məsələlərin nəticələrindən də danışıb.

Digər sessiyalarda təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, məktəbdaxili metodiki işə nəzarət, istedadlı şagirdlərlə iş, məktəbdaxili qiymətləndirmə işinin təşkili, sosial layihə və fəaliyyətlərin planlaşdırılması, təmayülləşmənin tətbiqinin genişləndirilməsində valideynlərin maarifləndirilməsi, ictimaiyyətlə əlaqələr, məktəb saytlarının idarə olunması və digər müvafiq mövzularda çıxışlar edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.

 Qeyd edək ki, seminarların əsas məqsədi tədrisin səmərəli təşkili işinə dəstək vermək, ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumi təhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

Xəbər lenti