Logo

“Biz müstəqilik, biz azadıq, biz sərbəstik...” - Heydər Əliyev

17.10.2022 23:56 751 baxış
IMG

Dünyada beş minədək millət və xalq var. Onlardan yalnız 203-ü özünə dövlət qura bilib. Bu dövlətlərin heç də hamısı müstəqil fəaliyyət göstərə bilmir - kimdənsə, hansısa formada asılıdırlar. Belə bir imkan və xoşbəxtlik hər milli topluma qismət olmur. Bunun üçün onun dövlət yaratmaq ənənəsinin, müəyyən inkişaf səviyyəsinin və fəaliyyət istiqamətinin olması zəruridir.

Millətin dövlət yaratması nə qədər çətindirsə, onu qoruyub saxlaması bundan da ağır və məsuliyyətli bir mübarizədir. Dövlət yaratmaq təkcə ümummilli arzu ilə bağlı deyil, bunun üçün millət geosiyasi və iqtisadi müstəvidə müstəsna nailiyyətlər qazanmalı və hər cür mübarizəyə hazır olmalıdır. Bu şərt və tələblər baxımından Azərbaycan xalqı xoşbəxtdir. Azərbaycan o nadir ölkələrdəndir ki, bir əsrdə iki dəfə dövlət müstəqilliyini qazana bilmişdir. 

1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsi qəbul edərək tam dövlət hakimiyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını bəyan etdi, yəni itirilmiş dövlət müstəqilliyini elan etdi. Müsəlman Şərqinin ilk cümhuriyyətini o zaman bir çox xarici dövlət tanıdı, qısa müddətdə müstəqil dövlətin təsisatları yarandı. Təəssüf ki, bu müstəqillik tariximizin ömrü çox çəkmədi. Bolşeviklərin idarə etdiyi Sovet Rusiyası 1920-ci il aprelin 28-də müstəqilliyə qovuşan Azərbaycanın azadlığına– dövlət müstəqilliyinə son qoydu. Lakin sovet imperiyası Azərbaycan xalqının azadlıq ideallarını, müstəqillik arzularını susdura bilmədi. Çünki sözü ilə əməli uyğun gəlməyən kommunist ideologiyasının özü məhvə məhkum idi. 

“Mürgülüsən, qoca millət,
Daha möhkəm, daha ötkəm gəlsin səsin, 
Vətən! – desin Qoca millət,
Bu gün gərək hər anımız Vətən! – desin.” 

70 illik əsarətdən sonra xalqın hər bir fərdi “vətən” – dedi. Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə, Azərbaycan Respublikasının demokratik prinsiplərinin və ənənələrinin varisliyinə əsaslanaraq, eləcə də, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini rəhbər tutaraq 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Qarşıda xalqımızı müstəqillik və demokratiyaya dəvət edən bir yol vardı. Lakin bu yolda naşı və təcrübəsiz insanların hakimiyyəti Azərbaycanı irəli apara bilmədi.

Milli azadlıq mübarizəsinə qalxmış xalq güclü, bacarıqlı siyasətçilərin, təcrübəli dövlət xadimlərinin, məsuliyyətli ziyalıların deyil, siyasət meydanına təzə atılan və təbii ki, təcrübəsiz, şəxsi ambisiyalı şəxslərin idarəçiliyi ilə üzəşdi. Bu, respublikanı oyuncaq dövlətə çevirib, istədiyi kimi idarə etməyə çalışan qüvvələrə sərfəli idi. Buna görə də onlar xalqın hörmət və qəbul etdiyi təcrübəli siyasətçilərin ətrafında birləşəcəyindən qorxur, belə meyllərin qarşısını almağa çalışırdılar.

1992-ci ilin mayında xalqın milli azadlıq və suverenlik çağırışlarının qanadında hakimiyyəti qəsb etmiş AXC–Müsavat cütlüyü ilk günlərdən siyasi idarəetməyə qadir qüvvə olmadığını ortaya qoydu. Birillik biabırçı hakimiyyət Azərbaycanda bəşəri, əxlaqi dəyərlərin, dövlətçilik ənənələrinin, idarəetmə vərdişlərinin, daxili və xarici siyasət adına nə varsa, hamısının necə tənəzzül etdiyini, süquta uğradığını açıq-aşkar göstərdi. Hakimiyyətə zor və silah yolu ilə gəlmiş bir komanda özünün yarıtmaz, səriştəsiz və cinayətkar fəaliyyəti ilə ölkəni parçalanıb məhv olmaq həddinə gətirib çıxartdı.

Həmin aylarda və günlərdə Azərbaycan xalqının böyük əksəriyyəti rastlaşdığı mövcud problemlərin yalnız ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə öz həllini tapa biləcəyinə inanaraq, onun respublika rəhbərliyinə qaytarılmasını təkidlə tələb edirdi. Naxçıvanda yaşayan ulu öndər Heydər Əliyevə böyük ehtiram və hörmət, el sevgisi və xalq məhəbbəti onun Vətən, xalq qarşısında gördüyü işlərə, etdiyi xidmətlərə görə idi və bu coşğu günü-gündən artırdı. Dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyev o zaman Naxçıvanın və respublikanın müxtəlif bölgələrindən gələn nümayəndələrlə görüşlər keçirir, onları müstəqillik uğrunda axıradək mübariz olmağa çağırırdı: “Mənim əsas məqsədim Azərbaycanın ərazi bütövlüyünü və Azərbaycan hakimiyyətini respublikanın bütün ərazisində bərqərar etməkdən ibarətdir. Azərbaycan Respublikasının milli dövlət kimi inkişaf etməsi indi əsas məsələdir. Bunun üçün Azərbaycan tam müstəqil, azad, demokratik respublika olmalıdır” – deyə o deyirdi.

Məhz belə bir dövrdə – 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya qayıtdı. Görkəmli dövlət xadimi Bakıya gəlişi ilə ölkəmizi uçuruma sürükləyən təhlükələri aradan qaldırdı, insanların 
nigarançılığına son qoydu. Həmin günlərdə üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan ulu öndər demişdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.

Müstəqillik haqqında Konstitusiya Aktı Azərbaycana bu müstəqilliyi, sözün həqiqi mənasında, gətirmədi. Qəbul olunan hüquqi akt hələ reallıq deyildi. Ona görə də Azərbaycanın həqiqi müstəqillik tarixi qüdrətli dövlət xadimi Heydər Əliyevin ikinci dəfə ali siyasi hakimiyyətə gəldiyi tarixlə hesablanır. Başqa bir sözlə desək Azərbaycanın Heydər Əliyev dövrü - əsl müstəqillik dövrü başlayır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993–2003-cü illər dövlət 
müstəqilliyinin möhkəmləndirildiyi, əbədi və dönməz xarakter aldığı dövrdür. Bu dövr, ilk növbədə, onu göstərdi ki, lider, şəxsiyyət olmadan xalq öz siyasi iradəsini gerçəkləşdirə, müstəqilliyə qovuşa bilməz.

Müstəqilliyin möhkəmləndirilməsi və daimi edilməsi hər bir ölkə vətəndaşının əməli fəaliyyətindən də asılıdır. 1993-cü ildə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul olunmasının ikinci ildönümü münasibətilə xalqımızı təbrik edən ölkə Prezidenti Heydər Əliyev deyirdi: “Azərbaycan xalqının əsrlər boyu qəlbində olan, həsrət çəkdiyi günlər gəlib çatmışdır. Azərbaycan xalqı öz müstəqilliyinə nail olmuşdur. Müstəqilliyi əldə etmək, 
dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir. Bunun üçün biz çox iş görməliyik. Qarşımızda böyük vəzifələr durur. Bu vəzifələri həm Azərbaycanın dövlət orqanları, həm hökumət, həm respublikanın mövcud siyasi-ictimai qüvvələri, həm də hər bir vətəndaş yerinə yetirməyə çalışmalıdır.

Ona görə də mən bu əlamətdar gündə, bizim üçün böyük bayram günündə Azərbaycan xalqına, respublikamızın bütün vətəndaşlarına müraciət edirəm, Azərbaycan Respublikasının ictimai-siyasi xadimlərinə, ziyalılarına, dövlət orqanlarında vəzifə daşıyan şəxslərə, hər bir vətəndaşa müraciət edirəm və hər bir kəsi Azərbaycan Respublikasının müstəqilliyini möhkəmləndirmək üçün, bu müstəqilliyi daimi etmək üçün fədakar əməyə dəvət edirəm”.

Heydər Əliyev şəxsiyyəti, müdrikliyi və qətiyyəti olmasaydı, indi Azərbaycan adlı müstəqil dövlətdən bəhs etmək bəlkə də mümkün olmayacaqdı. Bütün ömrü boyu həyatının mənası bildiyi Azərbaycanı müstəqil dövlətə çevirmək ulu öndərimizin ən böyük arzusu, onun siyasi fəaliyyətinin ən mühüm yekunu və məntiqi nəticəsidir. Ulu öndərin dövlət quruculuğu təliminə görə, müstəqillik üçün vacib olan başlıca şərtlərdən biri siyasi sabitlik və güclü dövlət hakimiyyətidir. Ümummilli lider siyasi fəaliyyətinin ilk günlərindən müstəqilliyin möhkəmləndirilməsi üçün real zəmin yaratdı, bu prosesə mane ola biləcək bütün xarici və daxili qüvvələr tamamilə kənarlaşdırıldı. Çünki, siyasi sabitlik olmadan cəmiyyətin digər problemlərini həll etmək mümkün deyildi. Ulu öndər siyasi sabitliyi yüksək dəyərləndirərək deyirdi: “Azərbaycanda hər bir şəxs, hər bir partiya, milli birlik, vətəndaş həmrəyliyi istiqamətində hərəkət etməli, fəaliyyət göstərməlidir. Azərbaycanda ictimai-siyasi vəziyyəti gərginləşdirmək yox, yaranmış sabitliyi daha da möhkəmləndirmək lazımdır. Çünki bu, Azərbaycanın yaşaması, onun müstəqilliyinin qorunması üçün ən əsas şərtdir .”

Prezident Heydər Əliyevin milli dövlətçilik irsində ən mühüm cəhət dövlət quruculuğu proseslərə tam nəzarət etməsi, yeni Konstitusiyanın qəbul edilməsi, parlament və məhkəmə hakimiyyətinin qurulması dövlət quruculuğu sahəsində atılan mühüm addımlar idi. Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin, bazar münasibətlərinə əsaslanan yeni tipli iqtisadiyyatın inkişaf konsepsiyasını yaratmışdır. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin gələcək inkişaf yollarını müəyyənləşdirmişdir: bu, demokratik inkişaf və hüquqi dövlət quruculuğu, Azərbaycançılıq və vətəndaş həmrəyliyi yoludur.

Müstəqil dövlətimizim memarı Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, ölkənin iqtisadi qüdrəti, imkanları artırılmalıdır. Çünki iqtisadi cəhətdən müstəqil olmayan dövlət siyasi müstəqilliyini təmin edə, onu qoruyub saxlaya bilməz. Məhz Heydər Əliyev yeni neft strategiyasının nəticəsi kimi təzahür edən “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirdi. Xalqımızın ən böyük maddi sərvəti olan Azərbaycan neftini dünya brendi etməyi Heydər Əliyev bacardı. Artıq Cənubi Qafqaz bölgəsi və Xəzər hövzəsi dünyanın super güc mərkəzlərinin iqtisadi və siyasi maraqlarının kəsişdiyi bir məkana çevrilmişdir.

Ən çətin anlarda, mürəkkəb vəziyyətlərdə xalqımıza arxalanan qüdrətli dövlət xadimi Heydər Əliyev yüksək dözüm, möhkəm iradə və qətiyyət göstərərək Azərbaycanı xaosdan xilas edərək güclü dövlətçiliyin bərqərar edildiyi ölkəyə çevirdi. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, Azərbaycan xalqını fəlakətdən qurtardı, çox böyük çətinliklə əldə olunan müstəqilliyimizi əbədi və dönməz etdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin sayəsində müstəqillik illərində əldə olunan nailiyyətlər, ulu öndər tərəfindən qoyulmuş müstəqil dövlətçilik prinsipləri zaman keçdikcə daha da möhkəmlənir. Çünki bu iş, bu siyasi xətt müasir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 19 il bundan əvvəl Prezident seçilmiş cənab İlham Əliyevin ilk bəyanatında “Azərbaycan indiyədək getdiyi yolu davam etdirəcək, Heydər Əliyev kursu dönmədən həyata keçiriləcəkdir” demişdir. 1993-cü ildən başlanan bu kurs Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu prosesinin başa çatdırılması, iqtisadi islahatların həyata keçirilməsi və Azərbaycanın dinamik inkişafa xas olan iqtisadi bazasının yaradılması demək idi. Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası və beynəlxalq hüquq normaları ilə tənzimlənən sivil dünya siyasətinə inteqrasiya etməsi və bu məkanda özünə layiq yer tutması idi.  Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəm və sarsılmaz olmasının əsas səbələrindən biri zama­nın sınağından çıxmış Heydər Əliyev dövlətçilik kursunun davam etdirilməsi, siyasi varisliyin təmin olunmasıdır. On səkkiz il bundan əvvəl, 2003-cü il oktyabrın 15-də Azərbaycan Respubli­kasının Prezidenti seçilən İlham Əliyev demişdir: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda de­mokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir.”

Bu siyasətin qürurverici nəticəsi iki il öncə qazanılmış möhtəşəm zəfərimizdir. O zəfər ki, müstəqilliyimizin ilk şərti olan “ərazi bütövlüyü”nü tam təmin etmiş qalib millət artıq “Müstəqilliyin bərpası günü”nü böyük sevinc və iftixar hissi ilə qeyd edir. Belə ki, Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Beləliklə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Artıq qalib Azərbaycanın, qalib övladları olan bizlər böyük sevinc və qürur hissi ilə deyirik: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun qətiyyətli Ali Baş Komandanımıza və onun əmrlərinə daim müntəzir olan müzəffər Azərbaycan ordusuna! Yaşasın AZƏRBAYCAN! 

CƏBRAYILZADƏ Nurlan
BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

Xəbər lenti