Uzun illərdən sonra işğal altında qalan torpaqlarımızın müzəffər Ordumuz tərəfindən azad edilməsi Azərbaycan tarixinin şanlı səhifəsini yaradıb.
Böyük zəfərdən sonra dövlətimizin nüfuzu artıb. Beynəlxalq tribunalarda cənab Prezidentimizin qətiyyətli çıxışları hörmətlə qarşılanır. Azərbaycan Respublikasının Prezident İlham Əliyevin oktyabrın 14-də Astana səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışında da bir çox maraqlı məqamlara toxunub. Xüsusilə Minsk qrupunun fəaliyyətinin yarıtmaz olduğu qeyd olunub. 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir. Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Bu böyük problemi, Qarabağ problemini xalqımızın birliyi aradan qaldırdı. Daha doğrusu, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz hərb yolu ilə müharibədə qalib gəldi. Təəssüf ki, ikinci Qarabağ müharibəsi başa çatandan sonra Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. Nə bir şəhər, nə də bir kənd işğal olunmayıb. Məhz Rusiya tərəfi atəşkəs təklifi ilə çıxış etdi, bəziləri bunu başqa ölkələrə aid edirlər ki, bu da tamamilə əsassızdır. Rusiya tərəfinin vasitəçilik fəaliyyəti nəticəsində silahlı toqquşmalar dayandırıldı;
Oktyabrın 6-da “Avropa siyasi birliyi”nin yeni platforması çərçivəsində Praqada Fransa Prezidenti, Avropa İttifaqı Şurasının Prezidenti, Ermənistanın Baş naziri və Azərbaycan Prezidentinin iştirakı ilə dördtərəfli görüşü nəticəsində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Ermənistan ərazisinə Avropa İttifaqının 40 nəfərdən ibarət mülki missiyasının göndərilməsi barədə qərar qəbul olunub. Bu missiyanın məqsədi tərəflərə sərhədlərin çəkilməsində, delimitasiya ilə bağlı məsələlərin müəyyənləşdirilməsində kömək göstərməkdir. Missiya Ermənistan ərazisində, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasında yerləşəcək. Azərbaycan dördtərəfli görüşün, o cümlədən Fransa Prezidentinin iştirakı ilə keçirilməsinə razılıq verməsinə baxmayaraq, Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk Qrupunun xidmətinə ehtiyac yoxdur.
Azərbaycanın nümayiş etdirdiyi xoş mərama baxmayaraq, Praqadakı görüşdən bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış etdi. Bu bəyanatlarda o, Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib, bununla da faktları manipulyasiya edərək, Fransa və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Azərbaycan beynəlxalq səviyyədə tanınan öz ərazisində müharibə aparırdı. Qarabağ bütün dünya tərəfindən Azərbaycanın tərkib hissəsi kimi tanınıb.
Azərbaycan Ermənistan münasibətlərinin tənzimlənməsini istəməyən bir çox dövlətlərin marağı nədir? Təbii ki, dünyada sülhün bərqərar olmasını istəməməkdir. Heç bir vətəndaş istəmir ki, müharibə olsun, qan tökülsün, evlər, tikililər dağıdılsın, insanlar həlak olsun. Təəssüf ki, münaqişə zonalarında ara qarışdırmaq məqsədi ilə kənardan müdaxilələr sülhün, firavanlığın qarşısını alır. Buna yol verilməməlirdir.
Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə basqın edilib. Birinci hücumdan sonra Fransa Prezidenti vəd vermişdi ki, bunun təkrarlanmaması məqsədilə tədbir görüləcək. Lakin bu doğru olmadı. Birinci vandalizm aktından və səfirliyin binasına soxulmaq cəhdindən sonra Azərbaycan səfirliyinin qarşısında qoyulmuş mühafizə götürüldü. Mühafizə götürülən kimi ikinci basqın cəhdi oldu, təhqiramiz yazılar oldu, Azərbaycan səfirliyinə hücum edən özündən çıxmış radikalların izdihamı oldu. Bundan başqa Ermənistan tərəfindən Azərbaycanın Livandakı və ABŞ-dakı səfirliklərinə qarşı təxribatlar törədilib. Sonuncu təcavüz aktının, terrorun da - Azərbaycanın ABŞ-dakı səfirliyinin avtomobilinə odlu silahdan atəş açılmasının görüntüləri var. Şübhə yoxdur ki, terror və vandalizm aktları Ermənistan tərəfindən təşkil edilib. 1990-cı illərdə erməni xüsusi xidmət orqanları tərəfindən 32 terror aktı - metroda, avtobuslarda, bərələrdə və qatarlarda partlayışlar törədilib. Bu terror aktları nəticəsində iki mindən çox dinc azərbaycanlı həlak olub. On min kvadratkilometr ərazidə demək olar bir salamat bina qalmayıb, 67 məsciddən 65-i dağıdılıb. Müsəlmanların müqəddəs yerlərinin təhqir edilməsi, məscidlərdə donuz və inək saxlanılmasına dair görüntüləri internetdən də əldə etmək olar.
2020-ci ilin noyabrında Rusiya Federasiyasının vasitəçiliyi ilə üçtərəfli Bəyanat qəbul edilib. Azərbaycan Bəyanatın bütün müddəalarını yerinə yetirir, o cümlədən Ermənistandan Qarabağa maneəsiz girişi təmin edir. Ermənistan Bəyanatın özünə aid hissəsini icra etmir. Məhz Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına maneəsiz girişi təmin etmir, halbuki bu, onun hüquqi öhdəliyidir, həmçinin Azərbaycan ərazisində erməni silahlı qüvvələrini indiyədək çıxarmayıb. Qarabağ Azərbaycandır. Bunu dünya bilir. Azərbaycan öz daxili məsələləri heç bir tərəflə müzakirə etməyəcək. Praqa görüşünün yekunlarına əsasən də başa düşdüyüm qədər, bu mövzu dördtərəfli görüşün bütün iştirakçıları arasında hər hansı fərqli şəkildə qəbul edilməyib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, iqtisadiyyatımızın inkişafı, xalqımızın birliyi, Prezidentimizin qətiyyəti imkan verir deyək ki, bundan sonra dövlətimiz daha da qüdrətlənəcəkdir.
Esmira Cəfərova
MDU-nun dosenti