Logo

Dövlət qayğısı, yeni imkan

12.08.2023 20:38 374 baxış
IMG

Təhsil tələbə kreditindən yüksək texniki peşə təhsil səviyyəsi ilə yanaşı, texniki peşə təhsili səviyyəsində təhsil alan tələbələr də yararlanacaqlar

Azərbaycanda peşə təhsilinin inkişafına istiqamətlənmiş bir sıra tədbirlər həyata keçirilir. Bu sahədə atılan mühüm addımlardan biri də bu günlərdə, konkret desək, avqustun 5-də Baş nazir Əli Əsədovun imzaladığı qərarla reallaşıb. Belə ki, Elm və Təhsil Nazirliyinin təklifinə əsasən  Nazirlər Kabineti “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edib.

Bu dəyişikliyə görə peşə təhsili pilləsinin texniki peşə səviyyəsində təhsil alanlar da artıq ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura) səviyyələrində, o cümlədən orta ixtisas təhsili pilləsində təhsil alanlar kimi təhsil krediti almaq hüququna malikdirlər. Belə ki, birinci tədris ilinin ilk semestri (yarımili) üçün peşə təhsili pilləsinin texniki peşə təhsili səviyyəsində attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortasının Fondun Himayəçilik Şurası tərəfindən müəyyən edilən minimal həddindən yuxarı olanlar, digər semestrlər (yarımillər) üçün isə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “4” və “5” olanlar təhsil tələbə krediti üçün müraciət edə biləcəklər. Beləliklə, məhz Fondun Himayəçilik Şurası birinci tədris ilinin ilk semestri (yarımili) üçün tələbələrin standart TTK almaq hüququnu müəyyən edən peşə təhsili pilləsinin texniki peşə təhsili səviyyəsində attestata müvafiq fənlər üzrə yazılmış yekun qiymətlərin ədədi ortasının  minimal həddini təsdiq edir.

Onlar üçün güzəşt də var

Məlum olduğu kimi, TTK üzrə tələbələrə ödəmə rahatlığı baxımından müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn,  ÜOMG-si 71 bal və yuxarı olan (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 71 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən, “4 və “5” olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır. Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “5” olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nın yarısının ödənişindən azad olunur.

Standart TTK üzrə isə ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “5” olan) borcalana həmin tədris semestri üçün götürdüyü kreditə görə faiz hesablanmır.

Təhsilin normativ müddətində bütün tədris semestrlərində ÜOMG-si 91 bal və yuxarı olan (peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı 91 bal və yuxarı, texniki peşə təhsili səviyyəsi üzrə təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə nəticəsi 5 ballıq qiymət şkalasına (2, 3, 4, 5) əsasən “5” olan) borcalan təhsilin normativ müddətində aldığı TTK-nin 25 faizi hissəsinin ödənişindən azad olunur.

Bakıda və bölgələrdə müasir standartlara cavab verən peşə təhsili müəssisələri qurulur

“Peşə təhsil pilləsinin sürətli və dayanıqlı inkişafının şahidi oluruq”, - deyən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmovun fikrincə, hazırda dövlətin həyata keçirdiyi islahatların məntiqi davamı olaraq Bakıda və bölgələrdə müasir standartlara cavab verən peşə təhsili müəssisələri qurulur. Ötən illər ərzində Bakı şəhərində, Qəbələ, Bərdə kimi regionlarda ümumi tələbə tutumu 5000-ə yaxın olan müxtəlif istiqamətli, ən müasir tələblərə və beynəlxalq standartlara cavab verən peşə təhsili müəssisələri qurulub.

Müasir maddi-texniki bazaya malik müəssisələrin tikinti prosesi davam edir. Lənkəran Peşə Liseyi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün binalar tikilir. Mingəçevir Peşə Təhsil Mərkəzinin binasının tikintisi isə başlamaq üzrədir. Eləcə də Füzuli Peşə Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi, Tovuz, Qax və Quba Peşə liseylərinin binalarının layihələndirilməsi aparılır. Bu prosesdə Qarabağ regionu xüsusi yer tutur. Belə ki, Böyük Qayıdış Proqramı çərçivəsində ümumilikdə 8 peşə təhsili müəssisəsi tikilib istifadəyə veriləcək. Kəlbəcər və Laçın peşə məktəblərinin tikintisi planlaşdırılır.

“Bu təhsil mənə gələcəklə bağlı daha böyük planlar qurmağa imkan verir”

İnfrastrukturda və tədrisin keyfiyyətində olan müsbət dəyişikliklər özünü gənclərin peşə təhsilinə artan marağında göstərir. Məsələn, Nurlanə Babayeva hazırda yüksək texniki peşə təhsili alan 1460 tələbədən, sadəcə biridir. O, əvvəlcə 18 nömrəli Bakı Dövlət Peşə Təhsil Liseyində “Bərbər-vizajist” ixtisası üzrə təhsil alıb. İlk peşə təhsilini fərqlənmə diplomu ilə bitirən Nurlanə iş tapmaqda çətinlik çəkməyib: “Sadəcə yaxşı oxumurdum, həm də təhsil aldığım müddətdə keçirilən bütün tədbirlərdə fəal iştirak edirdim. Çoxlu sertifikatlarım var. Praktikada da fəal idim və yüksək nəticələrim sayəsində işlə təmin olundum. Bir gün sosial şəbəkələrdə qarşıma çıxan məlumat diqqətimi çəkdi və maraqlandım. Yüksək texniki peşə təhsili almaqla bağlı qərarım üzərində çox düşünmədiyim qərarlardan idi. Dərhal qeydiyyatdan keçərək ixtisas seçdim. Hazırda Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi” ixtisası üzrə təhsilimi davam etdirirəm. Təhsil aldığım müddətdə bir az da müəllimlərim sayəsində ixtisasıma marağım artdı.Həm müəllimlərimdən öyrənirəm, həm də öyrəndiklərimi təcrübə keçdiyim müəssisələrdə əyani şəkildə görür, tətbiq edir, biliyimin üzərinə bilik və təcrübə əlavə edirəm”.

Tələbəliyini uğurla davam etdirən Nurlanə aldığı peşə təhsilinin onun gələcək inkişafına öz töhfəsini verəcəyinə inananlardandır: “Peşə təhsili sahəsində şərait yüksək səviyyədədir. Öyrənmək üçün hər cür şərait var. Ümumiyyətlə, bu gün əminliklə deyə bilərəm ki, peşə təhsili mənim həyatımda yaxşı mənada  bir çox şeyi dəyişib. Məhz peşə təhsili sayəsində özümün bir çox keyfiyyətlərimi kəşf etməyə başlamışam. Məsələn, ilk peşə təhsili aldığım ixtisas üzrə xüsusi qabiliyyətim olduğunu liseydə oxuyarkən öyrəndim. Saç kəsimində, üz bəzəmədə xüsusi bacarığımı ustalarım qiymətləndirdikcə daha çox həvəsləndim. İstehsalat müddətində həvəsim artdı, yeniliklər etmək istəyim günü-gündən böyüdü. Qeyri-adi modellər yaratmağa, bəzəklər vurmağa, yenilik etməyə daha çox cəhdlər etdim. Çox öyrənməyə çalışmağımın nəticəsidir ki, indi başqalarının səhvlərini dərhal görürəm”.

Yüksək texniki peşə təhsilini başqa ixtisas üzrə davam etdirən N.Babayeva artıq turizm sektoruna qəti keçid edib və indi də burda ən yüksək bacarıqlara yiyələnmək niyyətindədir: “İndi də turizmə maraq göstərirəm. Marağım böyüdükcə xəyallarım da böyüyür. Hətta restoran  biznesi qurmaq həvəsim belə yaranıb”.

Sadəcə bu da deyil. Nurlanənin aldığı yüksək texniki peşə təhsili onun biznes dünyasına olduğu kimi, həm də universitetə giriş “bilet”idir: “Turizm sahəsində karyera qurmaq istəyirəm. Növbəti hədəfim Azərbaycan Turizm və Menecment Universitetində bakalavr təhsili almaqdır. Gələcəkdə idarəçilikdə təmsil olunmaq, Turizm Agentliyində çalışmaq istəyirəm”.

N.Babayeva deyir ki, bütün bu arzuları burada təhsil alarkən formalaşıb: “Burada təhsil ürəyimcədir və tanışlarıma da tövsiyə edirəm. Yüksək texniki peşə təhsili almaqla həyatımın ən doğru addımını atdığımı düşünürəm. Bu təhsil mənə gələcəklə bağlı daha böyük planlar qurmağa imkan verir”.

Peşə təhsili almaq üçün qarşıya çıxacaq  yeganə problemi də dövlət həll etdi

Hazırda ölkədə 1466 nəfər yüksək texniki peşə təhsili alır. Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tələbələrin sayının 2026-cı ilə qədər 9200-ə çatdırılması planlaşdırılır. Nazirlər Kabinetinin son qərarından sonra peşə təhsili almaq istəyənlərin sayının artacağına şübhə yeri qalmır. Ümumiyyətlə, qeyd edək ki, son üç ildə peşə təhsilini seçənlərin sayı nəzərəçarpacaq şəkildə çoxalıb. Belə ki, tələbə qəbulu üzrə göstəricilər 30 faiz artaraq 2022-ci ildə 19 mini ötüb. 2026-cı ilə qədər bu göstəricinin 27 min 335-ə çatması planlaşdırılır.

Necə deyərlər, infrastruktur var, ən müasir peşə təhsil mərkəzləri bir-bir istifadəyə verilir. Maraq da var, hər gün peşə təhsilinin həyatını dəyişəcəyinə inananların sıraları genişlənir.

Peşəkarlıq yolunda maneə qalmadı. Bir o qaldı ki, portal.edu.az platformasında qeydiyyatdan keçib hərə özünə bir peşə seçsin.

Ruhiyyə DAŞSALAHLI

Xəbər lenti