Logo

Təhsil eksperti: “Döyüş bölgəsində təhsil dayandırılmalıdır”

08.10.2020 15:46 559 baxış
IMG

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də mənfur Ermənistan silahlı qüvvələri cəbhə xətti boyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini, yaşayış məntəqələrini, dinc Azərbaycan əhalisini hədəf alaraq, iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutmağa başlayıb.

Nəticədə Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olub, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.

Maraqlıdır, döyüş gedən ərazilərdə məktəblər dayandırılmalıdır? Ermənilərin dinc yaşayış məntəqələrini artilleriya atəşinə tutmasına görə Qərb bölgələrində idman yarışları, tədris dayandırıla bilərmi?

Keçirilmədən dərslər necə konpensasiya ediləcək?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Cebhe.info-ya bildirib ki, döyüş bölgəsinə yaxın ərazilərdə tədris tamamilə dayandırılmalıdır:

“Belə ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqeləri, habelə mülki əhali iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutulur. Ermənilər tərəfindən hücuma məruz qalan obyektlər sırasında məktəblər də var. Buna görə də son hadisələrin nəticəsi olaraq müəllimlərin və şagirdlərin təhlükəsizliyini nəzərə alaraq cəbhə bölgəsində 1200-dən çox məktəbin fəaliyyətini dayandırılıb”.

Ekspert qeyd edib ki, münaqişə başa çatdıqdan sonra tətil günlərini dərs proqramları ilə konpensasiya etmək olar:

“Mart ayından etibarən pandemiya səbəbindən tədris prosesi dayandırılıb və şagird, tələbələr onlayn təhsilə keçib. İndi isə ölkə müharibə şəraitindədir. İnternetdən istifadə imkanları tamamilə məhdudlaşdırılıb. İnsanlar müxtəlif “VPN” proqramlarla başqa ölkələrin adresləri ilə internetdən istifadə edirlər. Bütün bunları nəzərə alaraq ölkədə ali və orta ixtisas təhsil müəssisələrində dərslər ya ənənəvi formada tədris olunmalıdır, ya da konkret olaraq dərslərə ara verilməlidir. Çünki təhlükəsizlik səbəbi ilə təhsil müəssisələrində tədrisin aparılması təhlükəli ola bilər. Münaqişə başa çatdıqdan sonra tətil günlərinin və konpensasiya edici tədris proqramları hesabına bu boşluqları aradan qaldırmaq mümkündür. Hesab edirəm ki, bütün ölkə ərazisində 2 həftəlik həm müharibə şəraiti, həm komendant saatı, həm pandemiya dövründə karantin rejimində həm də internetdəki məhdudiyyətlərə görə tədris prosesi dayandırılmalıdır”.

Xəbər lenti