Logo

Toronto Universitetində 20 Yanvar şəhidləri yad edilib - FOTOLAR

23.01.2024 22:09 229 baxış
IMG

Dünyanın nüfuzlu universitetlərindən biri olan Toronto Universitetində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycanlı Tələbə və Məzunlar Platforması və “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbir 20 Yanvar faciəsi şəhidlərinin əziz xatirəsinin yad edilməsi, Azərbaycan və Kanadanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri, Kanada Azərbaycan Evinin icraçı direktoru Lalin Həsənova və Azərbaycanlı Tələbə və Məzunlar Platformasının Kanada üzrə sədri, Toronto Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının vitse-prezidenti Riyad Vəliyev tədbiri açaraq 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib və tarixi faktları diqqətə çatdırıblar. Azərbaycan həqiqətlərinin Kanadada təbliğ edilməsi üçün icmamızın yerli ictimaiyyət və müxtəlif icmalarla birgə fəaliyyət göstərməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbirdə çıxış edən Bakı tarixinin və memarlığının tədqiqatçısı Fuad Axundov 34 il öncə canlı şahidi olduğu hadisələr barədə təəssüratlarını bölüşüb, bu faciənin Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayət olduğunu söyləyib.

Sonra 20 Yanvar faciəsindən bəhs edən qısametrajlı film nümayiş etdirilib. Bu film ELTV media qrupu ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “History of Azerbaijan” layihəsi çərçivəsində hazırlanıb.

Tədbirin sonunda Kanada Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin Azərbaycan dili müəllimi Gülnar Nəsirin və şagirdlərinin ifasında faciəyə həsr olunmuş şeirlər səsləndirilib.

Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən fotosərgi təşkil edilib.

Xəbər lenti