Logo

ICESCO Beynəlxalq Təhsil Günü münasibətilə müraciət yayıb

24.01.2024 10:33 159 baxış
IMG

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) hər il yanvarın 24-də qeyd edilən Beynəlxalq Təhsil Günü ilə əlaqədar müraciət yayıb.

Tehsil.biz təşkilatın saytına istinadla xəbər verir ki, müraciətdə ICESCO-nun bu münasibətlə təhsilin birgəyaşayış, tolerantlıq və şəffaflıq dəyərlərinin möhkəmlənməsində, nifrət ritorikası ilə mübarizədə mühüm rolunu xatırladıb. Təşkilat, həmçinin sülhə, təhlükəsizliyə və hamı üçün ləyaqətli həyat tərzinə nail olmaq, ayrı-seçkiliyin, marginallaşmanın və irqçiliyin bütün təzahürlərini rədd etmək, müharibələrə və silahlı münaqişələrə son qoymaq, sülhün bərqərar olması istiqamətində işləmək üçün beynəlxalq fəaliyyətə ehtiyac olduğunu bir daha təsdiqləyib.

Müraciətdə vurğulanıb: “Bu il Beynəlxalq Təhsil Günü tədbirləri “Daimi sülh üçün öyrənmə” mövzusunda keçirilir və bunu nəzərə alaraq, ICESCO sülhün təşviqinə və onun davamlılığının təmin edilməsinə töhfə vermək, bu prosesə icmaları da qoşmaq, innovativ təşəbbüslərdən istifadə etmək üçün bütün tərəfdaşları təhsilin radikal, lakin konkret transformasiyası istiqamətində fəaliyyət göstərməyə çağırır. Bu kontekstdə sülhün bərqərar olması səylərinin əsasını təşkil etmək məqsədilə təhsilin inkişafını dəstəkləmək üçün beynəlxalq resursların ayrılması zəruri amildir.

Bundan əlavə, ədalətli və hərtərəfli sülh yaratmağa qadir olan nəsillərin yetişdirilməsi üzrə ortaq məsuliyyəti nəzərə alaraq, ICESCO hər kəsin, xüsusən də silahlı münaqişələr, işğal və böhranlardan təsirlənən qaçqınlar, məcburi köçkünlər və həssas qrupların ömürboyu təhsil hüququnu qorumaq istiqamətində böyük səylər göstərir. Təşkilat təhsil obyektlərini və tədris fakültələrini ardıcıl şəkildə hücum və təhdidlərdən qorumaqla, bu müəssisələrdə təhsil prosesinin davamlılığını təmin etməyə çalışır”.

Təşkilatın müraciətində qeyd olunub ki, qlobal ictimaiyyət, müvafiq təşkilatlar və qurumlar, habelə üzv dövlətlər təhsilin inkişaf etdirilməsi üzrə beynəlxalq səylərin bir hissəsi olmalı, əməkdaşlığı gücləndirmək və insan ləyaqətini qorumaq üçün təhsilə daha çox diqqət ayırmalıdır. Bu fəaliyyət “Təhsil Vizyonu – 2030” məqsədlərinə nail olmaq üzrə öhdəliklərə uyğun şəkildə göstərilməlidir.

“Təşkilat, həmçinin İslam dünyasının qarşısında duran vəzifələrin böyüklüyünü nəzərə alaraq və təhsili inteqrasiya, ədalət, harmoniya və möhkəmlik üçün bir modelə çevirmək məqsədi ilə onun ən prioritet məsələ olması prinsipinə sadiqliyini bir daha təsdiq edir”, -deyə sonda bildirilib.

Xəbər lenti