“Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların peşə tanınmasında uğurluluq faizi illik əsasda 50 faiz təşkil edir”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov media nümayəndələri üçün təşkil edilmiş brifinqində deyib.
O qeyd edib ki, “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 6.2-ci bəndinə əsasən, müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə təhsil almış ərizəçinin TKTA-nın sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur. İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Cari il ərzində TKTA-nın sifarişi ilə DİM tərəfindən iki imtahan keçirilib.
O əlavə edib ki, 4 may 2024-cü il tarixində DİM tərəfindən keçirilən imtahanda iştirak etmək üçün 466 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 426 nəfəri imtahanda iştirak edib. 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44,3% təşkil edib: “Nümunə üçün deyim ki, “Hüquqşünaslıq” üzrə imtahanda iştirak edən şəxslərin 66 faizi, “İbtidai sinif müəllimliyi” üzrə iştirak edənlərin 91 faizi, “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” üzrə 68 faizi 30 sualdan yarısına doğru cavab verə bilməyib. 6 oktyabr 2024-cü il tarixində DİM tərəfindən keçirilən imtahanda iştirak etmək üçün 305 nəfər namizəd qeydiyyatdan keçib və bunlardan 271 nəfəri imtahanda iştirak edib. 18 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 54% təşkil edib. Nümunə üçün deyim: “Hüquqşünaslıq” üzrə imtahanda iştirak edən şəxslərin 67 faizi, “İbtidai sinif müəllimliyi” üzrə iştirak edənlərin 80 faizi 30 sualdan yarısına doğru cavab verə bilməyib”.