Logo

Qazaxıstanlı alimlər Coğrafiya İnstitutunda olublar

28.10.2025 15:49 62 baxış
IMG

Qazaxıstanın Xəzər Dənizinin Elmi-Tədqiqat İnstitutunun (QXDETİ) alimləri Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda olublar.

Bu barədə TƏHSİL.BİZ -ə Coğrafiya İnstitutundan məlumat verilib

Səfərin məqsədi Azərbaycanın Coğrafiya İnstitutu ilə tanışlıq və Xəzər dənizinin tədqiqi sahəsində elmi əməkdaşlıq əlaqələrinin yaradılmasıdır.

Coğrafiya İnstitutunun baş direktoru vəzifəsini icra edən dosent Zaur İmrani qonaqlara bu elmi müəssisənin tədqiqat sahələri, alimləri, layihələri və s. haqqında qısa məlumat verib, Xəzər dənizinin öyrənilməsi sahəsində institutda görülən işlər – elmi layihələr, ekspedisiyalar, dərc edilmiş məqalələr və s. barədə danışıb. Z.İmrani institut alimlərinin bu günlərdə Bakı Konqres Mərkəzində Xəzər dənizinə dair keçirilən beynəlxalq konfransdakı iştirakı və çıxışları barəsində qazaxlı həmkarlarına məlumat verib.

QXDETİ-nin elmi işlər üzrə direktor müavini Serik Timirxanov bildirib ki, bu ilin oktyabr ayında yaradılan və Xəzər dənizinin tədqiqi ilə məşğul olacaq institut bütün Xəzəryanı ölkələrin uyğun qurumları ilə əməkdaşlıq etmək niyyətindədir. Azərbaycanın Coğrafiya İnstitutunun bu sahədəki fəaliyyəti və nailiyyətləri haqqında məlumatlı olduqlarını bildirən qazaxıstanlı nümayəndə gələcək əməkdaşlıq üçün memorandum imzalanmasının vacibliyini vurğulayıb.

Qarşılıqlı fikir mübadiləsindən sonra tərəflər hər iki qurum arasında elmi əməkdaşlığın davamı və inkişafı üçün görüləcək işlər haqqında fikir mübadiləsi aparıblar.

Xəbər lenti