Logo

Ölkəmizin adlı-sanlı, öz dəst-xəti ilə seçilən tanınmış memarları bir zamanlar məhz AzMİU-nun tələbələri olublar

04.10.2021 13:10 458 baxış
IMG

Dünyanın 116 ölkəsində 1 milyon 300 mindən çox memar oktyabr ayının ilk həftəsində Memarlar Gününü qeyd edir. Beynəlxalq Memarlar Günü 1949-cu ildə İsveçrənin Lozanna şəhərində təsis olunub və həmin vaxtdan başlayaraq hər il bütün dünyada əlamətdar gün kimi bayram edilir.

Ölkəmizdə də oktyabrın ilk həftəsində memarlar öz peşə bayramlarını böyük qürur və iftixar hissi ilə qeyd edirlər.

Azərbaycan Memarlıq və İnşaat Universitetindən Tehsil.biz-ə bildirilib ki, 6 minə yaxın memar bu bayramın sevincini yaşayır. Bu, bəşər tarixində memar əməyinə göstərilən diqqət və qayğıdır.

Qeyd edək ki, hələ ötən əsrlərdə Azərbaycanda Ploşko, Skibinski, Qoslavski, Exler kimi əcnəbi memarlar çalışaraq nadir memarlıq abidələri yaradıblar. Bununla yanaşı, o dövrdə də Azərbaycanın milli memarları - Məmmədhəsən Hacınski, Zivərbəy Əhmədbəyov, Məşədiqafar İsmayılovun layihələri əsasında xüsusən də Bakıda və Şamaxıda çoxlu sayda tarixi binalar inşa olunub.

XX əsrin sovet dövründə də Azərbaycanın kifayət qədər tanınmış dünya şöhrətli memarları olub. Mikayıl Useynov, Sadıq Dadaşov, Həsənağa Məcidov, Qəzənfər Əlizadə, Ənvər Qasımzadə və digərləri öz dövrünün memarlığı üslubunda gözəl əsərlər yaradıblar. XX əsrin 70-ci illərində Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev memarlığa, o cümlədən milli memarlığa, tarixi və müasir memarlıq üslublarından istifadəyə böyük diqqət yetirib. Bu baxımdan Heydər Əliyev Sarayı möhtəşəm obyektlərdən biridir. Həmin dövrdə çoxlu sayda digər gözəl memarlıq nümunələri hesab edilən binalar tikilib. Gəncədə, Sumqayıtda və digər şəhərlərdə müasir yaşayış kompleksləri salınıb.

Azərbaycanda inşa olunan binalar dünya memarlığına da töhfədir. Tanınmış memar Zaha Hadidin layihəsi ilə inşa olunmuş Heydər Əliyev Mərkəzinin binası dünya memarlıq xəzinəsinə böyük bir töhfədir.

Ta qədimdən ev tikmək, el-oba salmaq, körpü inşa etmək, qurmaq-yaratmaq dədə-babalarımızın müqəddəs işi-peşəsi olub. Əcdadlarımız əsrlərin yaşıdı olan qalalar, saraylar, məbədlər, türbələr tikib, istehkamlar qurub, bu günümüzə qədər gəlib çatan körpülər salıblar. Qız qalası, Şirvanşahlar sarayı, Xudafərin körpüsü, Kiş məbədi, Möminə Xatun türbəsi və saymadığımız yüzlərlə tikili memar babalarımızın əl əməyinin məhsuludur. Bu gün ölkəmizin hər qarışı, kəndi, qəsəbəsi, şəhəri zəhmətkeş memarlarımız sayəsində gözəlləşir, abadlaşır. İşğaldan azad olunmuş torpaqlarımızda erməni quldurları tərəfindən dağıdılan memarlıq irsinin bərpasında, viran qalmış yurd yerlərimizdə görüləcək abadlıq və quruculuq işlərində memarlarımızın rolu əvəzsizdir.

Peşə bayramını qeyd edən memarlar sırasına Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin tələbələri də qoşulur. Peşə bayramlarını keçirən memarlarla yanaşı, gələcəyin memar və dizaynerlərini yetişdirən bu fakültənin bu gündə öz yeri və payı var. Ölkəmizin adlı-sanlı, öz dəst-xəti, imzası ilə seçilən tanınmış memarları bir zamanlar məhz AzMİU-nun Memarlıq fakültəsində təhsil alıb, seçdikləri peşənin sirlərinə burada yiyələniblər.

101 yaşlı Memarlıq fakültəsinin yüzlərlə məzununun fədakar əməyinin bəhrəsi olan möhtəşəm tikililər, binalar, obyektlər bu gün təkcə paytaxtımızı deyil, rayon və qəsəbələrimizi bəzəyir, gözümüzü, könlümüzü oxşayır. Gülçöhrə Məmmədova, Elbay Qasımzadə, Nəriman Əliyev, Nərgiz Abdullayeva, Nizami Nağıyev, Müfətdin Namazov, Rasim Əliyev, Nəriman İmaməliyev, Nazim Vəliyev kimi tanınmış memarları yetişdirən Memarlıq fakültəsində bu gün də gələcəyin qurucuları, memarları hazırlanır.

Xəbər lenti