Ermənistan hərbi birləşmələrinin otuz ilə yaxın bir müddətdə işğal altında saxladığı Cəbrayıl rayonunun ərazisində olan bütün yaşayış və digər məntəqələr kimi, mənim də təhsil aldığım akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbi yerlə-yeksan olmuşdu. Erməni işğalçıları tərəfindən azərbaycanlıların öz doğma yurdlarından didərgin salındıqları bölgələrin bütün təhsil ocaqları kimi, bu məktəbin kollektivi də köçkünlük həyatı yaşamasına baxmayaraq sınmadı. Təcrübəli müəllim kollektivi sabaha ümidlə baxdı. Onlar bir gün mütləq öz yurdlarına qayıdacaqlarına əmin idilər və dərs dedikləri şagirdlərinə bunu aşılayırdılar, doğma torpaqlarına onların qəlbində məhəbbət toxumu səpirdilər.
Tehsil.biz xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor, akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbin 1983-cü il məzunu Əli Zalov bildirib.
O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl rayonuna səfəri zamanı bir sıra infrastruktur obyektlərinin, eləcə də akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin yeni binasının təməli qoyuldu. Bildirildi ki, 960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcək. Məktəbin həyətində geniş idman meydançası tikiləcək ki, bu da sağlam nəslin yetişməsi üçün vacib amillərdəndir. Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. Bu qocaman 145 yaşlı tam orta məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəb binasının tikilməsi də nəzərdə tutulub.
Bu təhsil ocağı 1876-cı ildə fəaliyyətə başlayıb və maarifpərvər insanların fədakar əməyi sayəsində ölkəmizin qabaqcıl təhsil ocaqları sırasında öz dəst-xəti ilə seçilib. Yarandığı vaxtdan ötən müddət ərzində məktəb Cəbrayıl rayonunda təhsilin, maarifçiliyin təşəkkülündə və inkişafında mühüm rol oynayıb, məzunlarından elm, təhsil, mədəniyyət, iqtisadiyyat və digər sahələr üzrə xeyli sayda tanınmış mütəxəssislər yetişib.
“İnanıram ki, təməli qoyulan bu məktəb zəngin pedaqoji ənənələrini davam etdirəcək, müəllim kollektivi gənc nəslin biliklərə dərindən yiyələnməsi, Vətənin layiqli övladı kimi formalaşması üçün qüvvə və bacarığını əsirgəməyəcək. Bundan sonra da Vətənimizin inkişafı üçün savadlı, ləyaqətli gənc nəslin yetişməsində bu məktəb əvəzsiz rol oynayacaq. Bütün Cəbrayıl rayonun təhsil ictimaiyyətini, cəbrayıllıları bu yeni məktəbin bünövrəsinin qoyulması münasibətlə təbrik edir, tezliklə məktəbin kollektivini doğma Cəbrayılımızda fəaliyyət göstərmələrini arzulayıram”, - deyə Ə.Zalov fikrini yekunlaşdırıb.