"Repetitorluğun bu qədər geniş vüsət almasının qarşısını almaq üçün atılacaq ilk addım 10-11-ci siniflərdəki tədris proqramlarının dəyişdirilməsi yetərlidir".
Tehsil.biz xəbər verir ki, bunu Filologiya elmləri üzrə fəlsəfə doktoru Şəmil Sadiq bildirib.
Onun fikirlərinə görə, 10-11-ci sinif fənn kurikulumlarında heç bir yeni mövzu salmadan sadəcə 5-9-cu siniflərdə keçirilənlərin intensiv təkrarı yer alarsa, sırf repetitorluq prorqramı kimi məktəb rəhbərliyi də buna ciddi nəzarət edərsə, əksəriyyət şagird repetitor yanına getmək ehtiyacı duymaz:
"Əgər bu iş dügün tənzimlənərsə, yüzdə əlli azalar. Dediyim kimi, məhz o dərslərə məktəbin təcrübəli müəllimləri girərsə. Əslində 12 illik təhsil sisteminə keçid bunu daha sistemli təşkili deməkdir, əgər bu keçid bu qədər çətindirsə, o zaman ən yaxşı yol budur. Çünki 10-11-ci siniflərdə əksər fənnin proqramı yenidir, təkrar son aylara düşür ki, heç bir müəllim ona verilən dərs saatına görə 5-11-ci sinif proqramını yetişdirə bilməz".
Ş.Sadiq bildirib ki, bundan sonra da repetitorluq olacaq, çünki mənimsəmədə çətinlik çəkən şagirdlər hökmən olacaq ki, bu da təbiidir:
"Bütün ümumi proqramı 5-9-cu siniflərdə çox sadə və asan yolla toplamaq mümkündür. İkinci bir tərəfdən də Elm və Təhsil Nazirliyi şagirdlərin mənafeyini qorumaq naminə Dövlət İmtahan Mərkəzinə ciddi şəkildə təsir etməli, proqramlarına, test modellərinə, dərsliklərinə nəzarət etməli və ya birgə işləməlidirlər. Son buraxılış imtahanında səhv riyaziyyat sualına Elm və Təhsil Nazirliyinin mütəxəssisləri də münasibət bildirməli, ədalətli həllini istəməli idi. Amma bildirilmədi".
Kənan Nağıbəyli