Aprelin 29-da Azərbaycan Dillər Universiteti (ADU) Beynəlxalq Çin Dili Günü münasibətilə Çin Xalq Respublikasının müxtəlif ali təhsil müəssisələrini təmsil edən nümayəndə heyətini qəbul edib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, səfər iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafına həsr olunub.
Tədbirdən əvvəl ADU-nun rəhbərliyi – prorektorlar Jalə Qəribova, Şəfəq Şahməmmədova və Həmidə Əliyeva ilə nümayəndə heyəti arasında görüş keçirilib, qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşdə iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlıq imkanları ətraflı müzakirə olunub.
Çin tərəfini Hebei İqtisadiyyat və Biznes Universitetinin prorektoru Du Hongmei, Beynəlxalq Mübadilə Mərkəzinin direktoru Shang Livei, İncəsənət Məktəbinin Partiya Təşkilatının katibi Liu Jinguang və digər ali təhsil müəssisələrinin nümayəndələri təmsil edib. Heyətin tərkibinə universitet rəhbərliyi, fakültə dekanları, müəllimlər, musiqiçilər və tələbələr daxil olub. Səfər çərçivəsində ADU tələbələri ilə birgə interaktiv tədbirlər, sənət və mədəniyyət proqramları təşkil edilib.
Hebei İqtisadiyyat və Biznes Universitetinin nümayəndəsi universitetin beynəlxalq əməkdaşlığa verdiyi əhəmiyyəti qeyd edib, son illərdə həyata keçirilən inkişaf strategiyalarından və Konfutsi institutları vasitəsilə qurulan mədəniyyətlərarası dialoqun rolundan bəhs edib. O, Çində Azərbaycan dili və mədəniyyətinin tanıdılması istiqamətində yeni əməkdaşlıq imkanlarının yaradıldığını vurğulayıb.
Görüş zamanı universitetlər arasında iki diplomlu proqramların təşkili, kurikulumların uyğunlaşdırılması, birgə elmi jurnalların nəşri və tələbələrin elmi rəhbərlik çərçivəsində dəstəklənməsi kimi təşəbbüslər irəli sürülüb. Tərəflər bu istiqamətdə ilkin addım olaraq Anlaşma Memorandumunun imzalanmasını planlaşdırıb.
Görüş qarşılıqlı anlayış və əməkdaşlıq ruhunda keçib. Hər iki tərəf təhsil, elm və mədəniyyət sahələrində davamlı əməkdaşlığa açıq olduqlarını bildirib. Sonda tərəflər təşəkkürlərini bildirərək, belə təşəbbüslərin iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət etdiyini qeyd ediblər.
Danışıqlardan sonra ADU-nun akt zalında rəsmi tədbir keçirilib. Tədbir Çin Xalq Respublikasının Təhsil Nazirliyi, Çin Xalq Respublikasının Azərbaycandakı Səfirliyi və ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun birgə əməkdaşlığı ilə təşkil olunub.
Tədbirdə hər iki xalqın milli musiqiləri və rəqsləri təqdim olunub, mədəni dəyərlər nümayiş etdirilib. Sonda xoş arzular səsləndirilib, xatirə şəkilləri çəkilib və tədbir rəsmi şəkildə başa çatıb.