Logo

Coğrafiya İnstitutunda Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib

13.06.2025 08:47 92 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 15 İyun – Milli Qurtuluş Gününə həsr edilən tədbir keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

İnstitutunun baş direktoru vəzifəsini icra edən coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani çıxışında 15 İyun tarixinin Azərbaycan xalqının taleyində böyük önəm daşıdığını diqqətə çatdırıb. O vurğulayıb ki, artıq 5-ci ildir biz bu günü qalib xalq kimi daha yüksək əhvali-ruhiyyə, milli qürur hissi ilə qeyd edirik. Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin qürur səhifəsidir. Həmin gün ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaq”, - deyən Ümummilli Lider öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir.

Sonra Milli Məclisin deputatı Ceyhun Məmmədov “Heydər Əliyev siyasəti: qurtuluşdan zəfərə gedən yol” mövzusunda məruzə edib. Məruzəçi 1991-ci ilin oktyabrında müstəqillik elan olunsa da, ölkədə hökm sürən özbaşınalıq, xaos, şəxsi maraqlarını dövlət mənafeyindən üstün tutan səriştəsiz rəhbərlərin kreslo davası şəraitində xalqın tələbi ilə 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyinin möhkəmlənməsində, iqtisadiyyatın güclənməsində, elmin, mədəniyyətin, inkişafındakı rolundan söhbət açıb.

Fəlsəfə elmləri doktoru Fizuli Qurbanov “Azərbaycanın siyasi - coğrafi obrazı: nəzəri yanaşma” adlı məruzəsində xatırlanan illərdə Azərbaycanda baş verən siyasi və sosioloji məsələlərə fəlsəfi cəhətdən yanaşaraq, ərazinin coğrafi obrazı, milli ideyadan milli məfkurəyə, milli düşüncədə ərazi bütövlüyünün pozulması, ərazi bütövlüyü və cəmiyyətin bütövlüyü və digər məsələlərə aydınlıq gətirib.

Tarix elmləri doktoru Eynulla Mədətli çıxışında Ulu Öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən, milli dövlətçilik tariximizdəki müstəsna xidmətlərindən geniş məlumat verib.

İnstitutun Həmkarlar Təşkilatının sədri Kamran Ramazanlı, şöbə müdirləri, coğrafiya üzrə fəlsəfə doktorları Ənvər Əliyev və Habil Haqverdiyev Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Xəbər lenti