Logo

AzMİU və Fırat Universiteti arasında tətbiqyönlü elmi əməkdaşlığa start verilib

07.10.2025 11:02 41 baxış
IMG

“Araştırma Üniversiteleri Destek Programı” (ADEP) çərçivəsində qalib gəlmiş “Metal istehsal tullantılarından dəyərli metalların əldə edilməsi üçün üyütmə mühitlərinin tədqiqi” (ADEP.25.12) layihəsi üzrə ilk görüş keçirilib. 

TƏHSİL.BİZ  xəbər verir ki, görüşdə sənaye tullantılarından dəyərli metalların bərpası istiqamətində tədqiqat planı, laborator imkanlar və icra mexanizmləri müzakirə olunub.

AzMİU-nun Fizika və kimya kafedrasının müəllimi kimya üzrə fəlsəfə doktoru Rəna Xankişiyeva Türkiyənin Fırat Universitetinin Metallurgiya və materiallar mühəndisliyi kafedrasının dəvəti ilə layihə çərçivəsində Elazığ şəhərinə səfər edib. Səfər zamanı tərəflər sənaye tullantılarından dəyərli metalların bərpası mövzusunda birgə tədqiqatın konturlarını razılaşdırıb və laborator imkanlar ilə metodologiyalar üzrə qarşılıqlı təqdimatlar keçiriblər.

Layihə rəhbəri professor Mehmet Deniz Turan layihənin hədəflərini təqdim edib, laborator infrastrukturun paylaşımı və icra mexanizmlərini diqqətə çatdırıb. Görüşdə həmçinin sənaye tullantılarının dəyərli metallara çevrilməsinin strateji əhəmiyyəti və liç sularından qiymətli metalları selektiv qazanmaq üçün görüləcək işlər müzakirə olunub.

Bundan əlavə, səfər müddətində Rəna Xankişiyeva Mühəndislikdə İnkişaf və İnnovasiyalar üzrə III Beynəlxalq Konfransda (ICAIE 2025) “Novel Chitosan–PVA-Based Hydrogels for Efficient Adsorption of Heavy Metal Ions from Aqueous Media” mövzusunda məruzə ilə çıxış edib və sertifikatla təltif olunub. Tədqiqatda funksional qrupların paylanması və şəbəkə quruluşu sayəsində yüksək sorbsiya qabiliyyəti, sürətli kinetika və regenerasiya imkanı nümayiş olunub, bu da ağır metal ionlarının səmərəli uzaqlaşdırılması üçün dairəvi iqtisadiyyat və yaşıl kimya prinsiplərinə uyğun tətbiq perspektivlərini göstərir.

Səfər və açılış görüşünün nəticəsi olaraq tərəflər birgə elmi məqalələrin hazırlanması, tədqiqatçı mobilliyi və gələcək patent üçün ilkin sübut bazasının yaradılması barədə razılığa gəliblər. Layihənin elmi nəticələrinin sənaye tətbiqlərinə transferi üçün zəruri SOP və pilot protokollar mərhələli şəkildə icra ediləcək.

 

 

 

 


 

Xəbər lenti