Logo

ADPU-nun 100 illiyi münasibətilə Naxçıvan Dövlət Universitetində birgə hibdrid konfrans keçirilib

09.09.2021 10:47 516 baxış
IMG

Sentyabrın 8-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyi münasibətilə Naxçıvan Dövlət Universitetində (NDU) birgə konfrans keçirilib. 

Tehsil.biz xəbər verir ki, həm əyani, həm də "Zoom" platforması üzərindən onlayn şəkildə təşkil olunan hibrid konfransı giriş sözüylə açan NDU-nun rektoru Elbrus İsayev Pedaqoji Universitetin professor-müəllim və tələbə heyətini  100 illik yubiley münasibətilə təbrik edib, müstəqil Azərbaycanın inkişafı yolunda apardıqları məsuliyyətli işlərdə yeni-yeni nailiyyətlər arzulayıb. Rektor bilidirib ki, rəhbərlik etdiyi ali təhsil ocağı 1967-ci ildə məhz Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayıb, 1972-ci ildə bu filialın bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutuna, 1990-cı ildə ildə isə Naxçıvan Dövlət Universitetinə çevrilib.

Bununla da Naxçıvan filialı gələcək ali məktəbin təməl daşını qoymaqla muxtar respublikanın ilk ali təhsil ocağı kimi burada yüksəkixtisaslı kadrların yetişdirilməsinə, bütövlükdə regionun tərəqqisinə öz müsbət təsirini göstərib. 

E.İsayev vurğulayıb ki, bu gün universitetin 6 fakültəsində bakalavriat səviyyəsində 16 ixtisas üzrə müəllim hazırlığı aparılır. Pedaqoji profilli ixtisaslar üzrə təhsil alanların ümumi  sayı 1311 nəfərdir. Bildirilib ki, magistratura səviyyəsində elmi-pedaqoji kadr hazırlığının aparıldığını qeyd eləməli olsaq, bu halda mövcud 82 ixtisas üzrə hazırlanan 430 nəfəri də söylədiyimiz kateqoriyaya şamil etmək olar. Elbrus İsayev universitetin bakalavriat səviyyəsində 88 ixtisas üzrə hazırlanan kadrların 18.1 %-nin, ümumilikdə isə bütün təhsilalanların  57.6 %-nin  pedaqoji profilli olduğunu diqqətə çatdırıb.    

Tədbirə onlayn qoşulan ADPU-nun rektoru, professor Cəfər Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il aprelin 17-də “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Rektor 1921-ci ildə əsası qoyulan və ölkəmizin təhsil tarixində xüsusi yeri olan zəngin maarifçilik ənənələrinə malik ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıq əlaqələrinin davamlı genişləndirilməsi və elmi-pedaqoji təhsilin müasir standartlara uyğunlaşdırılması istiqamətində ardıcıl həyata keçirilən işlər barədə danışıb. Diqqətə çatdırılıb ki, böyük elmi-pedaqoji kollektivə və çoxminli tələbə kontingentinə sahib olan Pedaqoji Universitet 100 il ərzində 160 mindən çox yüksəkixtisaslı müəllim kadrları yetişdirməklə ölkəmizin sosial-mədəni inkişafında mühüm rol oynayıb. Qeyd olunub ki, pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz bu ali məktəbdə təşəkkül tapıb.

Rekor bildirib ki, Pedaqoji Universitet ölkədə pedaqoji və elmi-pedaqoji kadrların hazırlığını, təkmilləşdirilməsini və ixtisasının artırılmasını həyata keçirən pedaqoji təhsil müəssisələrinin böyük əksəriyyətinin yaradılmasında ilkin baza rolunu oynayıb. Azərbaycan Təhsil İnstitutu, 30-40-cı illərdə fəaliyyət göstərən ikiillik müəllimlər institutları, Naxçıvan Dövlət Universiteti, Xankəndi Pedaqoji İnstitutu, indiki Gəncə Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universiteti ya Pedaqoji İnstitutun ayrı-ayrı fakültələrinin bazasında yaradılıb, ya da ADPU-nun elmi-medotiki dəstəyi ilə təşəkkül tapıblar. 

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov qeyd edib ki, Azərbaycanda elm və təhsilin inkişafına sanballı töhfələr verən tanınmış alimlər, yüzlərlə görkəmli alim, yaradıcı ziyalı, ictimai və dövlət xadimi məhz Pedaqoji Universitetdə təhsil alıb. 

NDU-nun Azərbaycan tarixi kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Zəhmət Şahverdiyev 100 illik şərəfli yol keçən universitetin məzunu olduğuna görə fəxr duyduğunu bildirib. 
ADPU-nun Riyazi analiz kafedrasının professoru Məlikməmməd Cəbrayılov, NDU-nun Kimya kafedrasının dosenti Akif Əliyev universitetlə bağlı xatirələrini bölüşüblər. 

Sonda NDU-nun rektoru E.İsayev ADPU-nun adına hazırlanmış sertifikat və hədiyyəni, həmçinin ADPU-nun rektoru prof. C.Cəfərov ADPU kollektivi adından NDU-ya hədiyyə təqdim edib.

Xəbər lenti