Logo

Masallı təhsilinə kimlər və necə müdaxilə edirlər?

20.11.2021 13:17 912 baxış
IMG

Mövcud qanunvericiliyə görə məktəblər qapalı müəssisələr hesab olunurlar. Məktəbdə təlim və tərbiyə məsələlərini oradakı dövlət və ictimai qurumlar həyata keçirdirlər. Zəruri hallarda digər fiziki və hüquqi şəxslərin, ictimai təşkilatların, fondların və Qeyri-Hökumət Təşkilatlarının məktəblərdə hansısa hərəkəti icra etməsi birbaşa Təhsil Nazirliyinin razılığı ilə mümkündür. Lakin son illər bir-sıra rayonlarda, o cümlədən Masallı rayonunda bu tələblərə əməl olunmur. Lakin Masallı rayonunda bu məsələnin özəlliyi bundadır ki, bir sıra şəxs və qurumlar məktəblərdə mütəmadi tədbirlər keçirdir və ora tez-tez gələrək müəyyən işlərə müdaxilə edir və ya təsir göstərirlər.

Bunlardan ən öndə gedəni “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyidir. Bu qurumun adında təhsilə və rayona aid heç bir göstərici olmasa, onun rəhbəri Arzu Bağırova bu rayonda doğulmasına görə tez-tez məktəblərdəki tədbirlərə qoşulur, orada aksiyalar keçirdir. Məktəblərə hədiyyə adı altında verdiyi kitablar, uşaqlara, təhsilə heç bir aidiyyəti olmayan, üzərində kiməsə təqdim edilməsini göstərən avtoqraflar olan qeyri-elmi nəşrlərdir.

Masallıda yerləşən “Bioloji Təbabət” Klinikası da bir neçə ildir ki, “Sağlam məktəbli - Xoşbəxt gələcək” valideyn və müəllimləri tibbi maarifləndirmə marafonu adı altında məktəblərdə reklamını həyata keçirdir. Məktəblərdə “Sağlam gələcəyə çiyin-çiyinə” şüarı ilə reallaşan tədbirlərdə klinikanın Biznesin inkişafı departamentinin direktoru şəxsən qatılır və şagirdlər qarşısında çıxış edir. Klinika rəsmən marafonun keçirilməsində məqsədin valideynlərin sayıqlığını artırmaq, valideyn və müəllimləri məktəblilərə münasibətdə müasir yanaşmalarla tanış etmək olduğunu və bunun Masallı rayonunun bütün məktəblərində həyata keçirilməsini planlaşdırmasını açıq-aydın qeyd edib. Tibbi klinikanın sırf pedaqoji fəaliyyətə müdaxiləsinin arxasında kommersiya maraqlarının durmasının heç bir sübuta ehtiyacı yoxdur. Bütün bu hallar məktəblərdə dərs prosesinin pozmulmasına və digər özəl klinikaların rəqabətə davamlı fəaliyyətinə mane olmağa səbəb olur.

Regiondakı "Cenub.az" saytının və internet televiziyasının baş redaktoru Zahir Əmənov da mütəmadi olaraq məktəblərdə “Kitab ehsanı” aksiyası keçirdir. Aksiya xeyirxah insanların ianəsi hesabına məktəbliləri uşaq ədəbiyyatı ilə təmin etməkdən ibarətdir. Bu aksiya çox yaxşı nəticələrə səbəb olsa da, bunun üçün Təhsil Nazirliyindən icazə almaqla onu qanuni formada həyata keçirtmək çox yaxşı olardı.

Özünü "Cenubunsesi.az" xəbər portalının təsisçisi və baş redaktoru kimi təqdim edən Mərhəmət Lələyevin məktəblərə daxil olması, məktəblərə müxtəlif məzmunlu divar stendlərini satması, müxtəlif aksiyaları həyata keçirtmək üçün onlardan maddi dəstək istəməsi, Təhsil Nazirliyinin İnformasiya Şöbəsinin razılığı olmadan məktəb rəhbərlərinin ona məlumat ötürməsi halı isə sırf qanunvericiliyin tələblərinin pozulmasıdır.

“Masallı Təhsil Fondu”nun rəhbəri Hüseyn Hüseynovun da təhsil idarəetmə orqanlarının razılılğı olmadan məktəblərdən müxtəlif məzmunlu informasiya və məlumatları tələb etməsi, onların fəaliyyətinə qiymət vermək və, məktəblərlə birbaşa əlaqəyə girmək cəhdi də təəssüf hissi doğuran məsələlərdəndir. Fondun İqtisadiyyat Nazirliyinə məxsus Masallı Sənaye Məhəlləsində - onun profilinə aid olmayan məkanda yerləşməsi isə ayrı bir müzakirənin mövzusudur. Sözügedən fondun rayon təhsili üçün etdiyi və etmək istədikləri əksər işlər təqdirəlayiq olsalar da, bunu Təhsil Nazirliyi ilə razılaşdırmadan etmələri təəssüf hissi doğurur.

Görəsən bir rayonun təhsil müəssisələrində qeyd etdiyim bu kimi qanunsuz işlərin qarşısını almaq və ya onların qanuni formada fəaliyyətlərinə nail olmaq üçün yerli və mərkəzi dövlət idarəetmə orqanları niyə heç bir iş görmürlər?

QEYD: "Tehsil.biz" redaksiyası məsələ ilə bağlı araşdırmalara davam edir və mövzu barədə qarşı tərəflərin fikirlərini dərc etməyə hazırdır!

Xəbər lenti