Logo

“Bir Müəllimin Manifesti” proqramının builki tələbələri Qazaxda dərsə başlayıblar

06.11.2024 12:54 28 baxış
IMG

ADA Universitetinin Qazax Mərkəzində Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramının dördüncü ilinə başlanılıb.

Bu barədə TƏHSİL.BİZ -ə ADA Universitetindən məlumat verilib. 

Proqramın builki tələbə-müəllimləri ilə Qazaxda tanış olan ADA Universitetinin prorektoru, Qazax Müəllimlər Seminariyasının İdarə Heyətinin üzvü Vəfa Kazdal onların hər birinin böyük müəllim, maarifpərvər Firudin bəy Köçərlinin davamçısı olduğunu qeyd edib, bu proqramın həm özünüinkişaf, həm də peşəkar inkişaf platforması olduğunu bildirib, burada yeni bilik və bacarıqlar qazanan müəllimlərin isə ümumilikdə cəmiyyətin inkişafına fayda verdiyini vurğulayıb.

Qeyd edək ki, cari ilin avqust – sentyabr aylarında aparılan ikimərhələli seçim prosesi nəticəsində “Bir Müəllimin Manifesti”nə 2024-2025-ci tədris ili üçün 18 rayondan 22 direktor və müəllim seçilib. İxtisasartırma proqramı Qazax Müəllimlər Seminariyasında/ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində əyani və onlayn formada tədris olunacaq.

Xatırladaq ki, region məktəblərində fəaliyyət göstərən direktor və müəllimlərin peşəkar inkişafını təmin edən proqramdan indiyədək 36 şəhər və rayonu təmsil edən 79 iştirakçı məzun olub.

Xəbər lenti