Logo

ADRA-da "Zəfərimiz! Qürurumuz! Mənəviyyatımız!" adlı elmi konfrans keçirilib

06.11.2024 13:07 28 baxış
IMG

Azərbaycan Rəssamlıq Akademiyasının Muzey-sərgi kompleksində 8 noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfərimiz! Qürurumuz! Mənəviyyatımız!" adlı elmi konfrans keçirilib.

TƏHSİL.BİZ xəbər verir ki, konfransda Azərbaycan Rəssamlıq Akademiyasının rəhbər işçiləri, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Elmi konfransı açılış nitqi ilə açan Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, professor Natiq Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 noyabrın ölkəmizdə "Zəfər Günü" kimi təntənəli şəkildə qeyd edilməsi qərarını konfrans iştirakçılarına bir daha xatırladıb. O, iştirakçıları 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edərək, qazanılan böyük qələbəni Azərbaycanın son iki əsrlik tarixinin ən şanlı və qürurverici səhifəsi adlandırıb.

Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru və “İncəsənət tarixi” kafedrasının professoru Ziyadxan Əliyev “Zəfərimiz təsviri sənətimizdə” adlı mühazirə ilə çıxış edib. O, akademiya tələbələrinin bu mövzuda hazırladıqları əsərləri təqdim edərək, zəfərin təsviri sənətdəki əksini vurğulayıb.

Tarix üzrə fəlsəfə doktoru, “Humanitar və ictimai fənlər” kafedrasının dosenti Bəhman Kərimov “Milli yaddaşımızın qürur günü” adlı mühazirəsində tarixi qələbəmizin milli kimliyimiz və mədəniyyətimiz üzərindəki əhəmiyyətini önə çəkib.

ADMİU-nun “Təsviri sənət tarixi və nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov “Müasir dövr Azərbaycan rəngkarlığında Zəfər mövzusu” adlı məruzəsi ilə çıxış edərək, rəssamların bu mövzuda işlədiyi əsərlərin əhəmiyyətini vurğulayıb və sənətşünas olaraq öz münasibətini bildirib.

Həmçinin konfransda Azərbaycan Rəssamlıq Akademiyasının İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş tələbələrinin yer aldığı Zəfərə həsr olunmuş video çarx nümayiş olunub.

"Zəfərimiz! Qürurumuz! Mənəviyyatımız!" adlı elmi konfrans zəfərimizin əhəmiyyətini və rəssamlıq sənətindəki yerini bir daha xatırlatmaqla yanaşı, gənc nəslin milli ruhu mənimsəməsinə də müsbət töhfə verib.

Xəbər lenti