Logo

Nadir İsrafilov: “Geriyə nəzər salmadan irəliləmək, irəliləyişi imitasiya etməkdən başqa bir şey deyil.”

25.12.2024 13:38 131 baxış
IMG

"Zaman gizli olan hər şeyin üstünü açır, aydın olan hər şeyin üstünü örtür.”

"Yeni daxil olacağımız təqvim ilinin 2025 - ci ilində, müstəqilliyimizin ilk rəsmi və sanballı sənədlərindən olan "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı”nın təsdiq olunmasından nə az, nə çox düz 25 ili keçir. 25 illik bir dövr üçün nəzərdə tutulan, əzəli və gələcəyimizin geniş təhlilinə əsaslanan bu sənəd təhsilimizin bütün tarixi səlnaməsini və gələcək perspektivlərini özündə əks etdirmişdi".

TƏHSİL.BİZ -ə müsahibə verən təhsil eksperti Nadir İsrafilov bu barədə geniş açıqlama verib:

"Yəqin, xatırlayanlar bilməmiş deyil ki, 15 iyun 1999-cu ildə Dövlət komissiyası tərəfindən hazırlanmış və mərhum Prezidentimiz Heydər Əliyevin Sərəncamı ilə təsdiq olunmuş bu mühüm dövlət sənədi işıq üzü görəndə, çoxlarında təhsilimizin gələcəyi ilə bağlı xoş təsəlli hissi yaranmışdı. Bu da əsassız deyildi, çünki, İslahat Proqrama islahatın əsas məqsədlərindən biri kimi "bütün qurumların fəaliyyətini təhsil alanın mənafeyinə xidmət etmək məqsədi ətrafında birləşdirən yeni təhsil sisteminin yaradılması” barədə müddəa daxil edilmişdi.

Proqramda təsbit olunmuş "təhsil sahəsində hazırlanan normativ və hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi" və "təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” barədə tələblər isə, ən pessimist dairələrin belə düşüncəsində təhsilimizin gələcəyinə yönəlik ümid qığılcımı yaradırdı. Çünki bu, bir vətəndaş olaraq onlara da təhsildə gedən proseslərin bərabərhüquqlu subyektinə çevrilmək imkanı verirdi.


 

Ən başlıcası isə "məktəbəqədər, ümumi orta, ali təhsildən sonrakı peşə və ona uyğun əlavə təhsil pillələrində toplanmış potensialı saxlamaq və inkişaf etdirmək, təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi bazanı yaratmaq, Azərbaycan Respublikası Konstitusiyasında, Təhsil Qanununda təsbit olunmuş tələbləri, cəmiyyətin siyasi, iqtisadi və sosial həyatının demokratikləşməsinə əsaslanan dövlət siyasətini həyata keçirmək” İslahat Proqramının əsas məqsədi kimi müəyyənləşdirilmişdi. 


 

Buna görə də Proqramda təhsil sistemində idarəetmənin demokratikləşmə prosesinə uyğun qurulması, onun yeni məzmun və formalarda tətbiq olunması, təhsil müəsisələrinin inkişaf strategiyası və məqsədlərinin müəyyən edilməsində, müvafiq qərarların çıxarılmasında və s. müstəqilliyə aparan yeni idarəetmə mexanizminin yaradılması kimi tələblər də irəli sürülürdü.


Proqramdakı "təhsil sisteminin hüquqi tənzimlənməsi”, "əsas hədəfin təhsil verənə və alana yönəldilməsi”, "idarəetmənin dövlət-ictimai xarakterinin gücləndirilməsi”, "təhsil sisteminin idarə olunmasında səlahiyyətlərin bölüşdürülməsi”, "funksiyaların yuxarıdan aşağıya paylanması”, "təhsil sisteminin idarə olunmasının inhisarsızlaşdırılması” kimi prinsiplər isə təhsilimizin heç də uzaq olmayan perspektivlərindən xəbər verirdi.


 

Biz nə etdik? Dövlət komissiyası tərəfindən hazırlanmış Təhsil sahəsində İslahat Proqramını imitasiya predmetinə çevirərək, təhsilimizin məzmununu sarsıtdıq, formasını bayağılaşdırdıq, təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı qoruyub saxlamaq və inkişaf etdirmək əvəzinə, olan qalanını da vurub dağıtdıq. Nə Sovet təhsil sistemindən tam olaraq çıxa bildik, nə də Qərb təhsilini düz-əməlli mənimsəməmiş ora inteqrasiya etdik.


 

Halbuki, məhz bu Proqramda islahat yolu ilə təhsilimizin forma və məzmunca yeniləşməsi üçün milli, mənəvi, bəşəri dəyərlərə istinad etməyə xüsusi önəm verilirdi. Bu, Proqramının qüvvədə olduğu zaman kəsiyində təhsilimizdə baş verən aşınmalar, yayınmalar və digər ziddiyyətli proseslər, hansısa fərdin subyektiv fikirləri kimi deyil, son illərdə cəmiyyətdə formalaşan ictimai rəyin təzahürü kimi qiymətləndirilməli idi. Lakin, bu baş vermədi. Təhsildə dövlət siyasətinin əsas prinsiplərindən olan humanistləşmə, demokratikləşmə, aşkarlıq və şəffaflığa biganə yanaşıldı.


 

Bu gün həmın Poqram “arxivə” göndərilsə də istər - istəməz çoxsaylı suallara cavab axtarmalı oluruq:

- Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensial qorunub saxlanıldımı?

- Təhsil sistemini tənzimləyən müvafiq normativ-hüquqi baza yaradıldımı?

- Bütün proseslərin bu bazaya istinadən tənzimlənməsi prioritet istiqamət kimi ön plana çəkildimi?

- Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırıldımı?

- İdarəetmənin dövlət-ictimai xarakteri gücləndirildimi?

- İdarəetmə funksiyaları yeni məzmun və yeni formada tətbiq olundumu?

- Təhsil sisteminin idarə olunmasında səlahiyyətlər bölüşdürüldümü?

- Funksiyaların yuxarıdan aşağıya paylanması prosesi reallaşdımı?

- Ağırlıq mərkəzi aparatdan yerlərə keçirildimi?

- Əsas hədəf təhsil verənə və alana yönəldimi?

- Pedaqoji prosesin bütün iştirakçıları bərabərhüquqlu subyektlərə çevrildimi?

- Layihələrin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunması barədə müddəa həyata keçirildimi?

- Normativ-hüquqi aktların icrasına ictimai nəzarət sistemini yaratmaq tələbi təmin edildimi?

- Təhsilin inhisarsızlaşdırılması baş verdimi?


 

Sualların sayını nə qədər artırsaq belə, nəticə etibarı ilə bir cavab alınacaq; Təhsil sahəsində dövlətin təsdiq etdiyi Proqramı bir kənara qoyub, əsasını subyektiv mülahizələr, fərziyyələr və ehtimallara əsaslanan hansısa təşəbbüsü, ideyanı, yaxud da istiqaməti məlum olmadan atılan bir addımı fetişləşdirərək, islahatçılıq hərəkatı kimi qələmə verib, bu dərin və ümidverici məfhumu unutqanlığa saldıq. 


 

Nazirin sözü olmasın, təhsildə olan dəyişikliklərin uzunmüddətli olmasının səbəbi vaxtilə edilən və ya edilməyən işlərin nəticəsini 10-15 il sonra görməyimizdir. Heç olmasa, bundan sonrakı işlərimizi elə quraq ki, gözlədiyimiz nəticələri görmək üçün bizə 25 və ya daha çox il limiti qoyulmasın, səbrimiz tükənməsin,  təhsilimizin gələcəyin olan ümid və arzularımız sönməsin...  Hətta, onunla da razılaşaq ki, “ola bilsin ki, cəmiyyət 5 il sonra görməsin, amma 20 il sonra mütləq görəcək”. Ancaq, gəlin görək, cəmiyyətin hər bir üzvünə ömür 20 il vəfa edəcəkmi...?


 

Xəbər lenti