Logo

Qarabağ Universitetində “COP simulyasiya” konfransı işə başlayıb

27.04.2025 13:20 55 baxış
IMG

Qarabağ Universitetində Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT) və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının simulyasiya konfransı öz işinə başlayıb.

TƏHSİL.BİZ xəbər verir ki, tədbirin keçirilməsində məqsəd COP29-un əsas mövzuları və məqsədləri haqqında gəncləri maarifləndirmək, onların iqlim fəaliyyətində iştirakını artırmaq və iştirakçılar arasında ünsiyyət və ictimai nitq bacarıqlarının inkişafını təşviq etməkdir.

Tədbirdə Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb və Qarabağ Universitetinin inkişaf dinamikasından bəhs edib. Rektor qeyd edib ki, regionda keyfiyyətli təhsil mərkəzi kimi formalaşan Qarabağ Universitetində “COP simulyasiya” konfransı kimi beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi tələbələr üçün böyük bir təcrübə platformasıdır. Ş.Bayramov konfransın işində bütün iştirakçılara uğurlar arzulayaraq tədbirin müsbət nəticələrinə inandığını ifadə edib.

Konfransın açılış mərasimində çıxış edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizə sahəsində həyata keçirdiyi tədbirlərdən, bu istiqamətdə beynəlxalq əməkdaşlığın və tərəfdaşlığın önəmindən bəhs edib. Nazir müavini qeyd edib ki, COP çərçivəsində təşkil olunan bu cür simulyasiya konfransları gənclərin iqlim dəyişiklikləri mövzusunda bilik və bacarıqlarının artırılmasına, onların beynəlxalq proseslərdə fəal iştirakına mühüm töhfə verir. Y.Rəfiyev gənclərin bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsinin Azərbaycanın iqlim gündəliyinin prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli çıxışında iqlim dəyişikliyinin təsirlərindən söz açaraq bildirib ki, gənc nəsil bu məsələnin həllində əsas iştirakçılardan olmalıdır. M.Kərimli qeyd edib ki, təhsil iqlim dəyişikliyi ilə mübarizədə ən güclü vasitədir və bununla bağlı biliklərin gündəlik öyrənmə metodunun bir hissəsinə çevrilməsi istiqamətində addımlar atılır. Aparat rəhbəri vurğulayıb ki, konfransın Qarabağ Universiteti kimi strateji bir məkanda keçirilməsinin özü də gələcəyə ümid və birlik mesajı verir.

Açılış mərasiminin ardından simulyasiya konfransı öz işini plenar iclaslar formatında davam etdirib.

Qeyd edək ki, ikigünlük konfransda tələbələr müxtəlif ölkələrin nümayəndə heyətləri, beynəlxalq təşkilat və media nümayəndələri kimi müxtəlif rollarda çıxış edəcəklər.

 

 



 

Xəbər lenti