Logo

Riyaziyyat və Mexanika İnstitutunda görkəmli alim Zahid Xəlilovun xatirəsi anılıb - FOTO

01.03.2024 14:00 168 baxış
IMG

Görkəmli alim akademik Zahid Xəlilovun xatirəsi uzun illər rəhbərlik etdiyi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Riyaziyyat və Mexanika İnstitutunda yad edilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidməti olan alimin xatirəsinə ehtiram əlaməti olaraq institutda büstü qoyulub.

Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək dünyaşöhrətli akademik Zahid Xəlilovun həyat yolundan və elmi yaradıcılığından geniş söz açıb. Bildirib ki, alimin fizika, mexanika, astronomiya və riyaziyyatın bir sıra sahələrində əvəzsiz xidmətləri var.

“Azərbaycanda riyaziyyat məktəbinin yaradıcısı olan Zahid Xəlilov elmi fəaliyyətinə 1967-ci ildə Riyaziyyat və Mexanika İnstitutunda başlayıb və ömrünün sonunadək bu quruma rəhbərlik edib. Akademik Z.Xəlilov instituta rəhbərlik etdiyi illər ərzində elmin inkişafına böyük töhfələr verib, ömrünün sonunadək elmi tədqiqatlarla məşğul olub. Alimin davamçıları bu gün də elmin inkişafı istiqamətində uğurla fəaliyyət göstərirlər”, - deyə M.Mərdanov məlumat verib.

Tədbirdə, həmçinin görkəmli alimin yetirmələri professorlar Sabir Mirzəyev, Əli Əhmədov, Həmdulla Aslanov, Nadir Suleymanov, Hidayət Hüseynov və Məmməd Bayramoğlu müəllimləri ilə bağlı xatirələrini bölüşüblər. Qeyd ediblər ki, akademik Zahid Xəlilov elmə hər zaman bağlı alim olub. Zahid Xəlilovun Azərbaycanda funksional analiz məktəbinin yaranmasında və sonrakı inkişafında əvəzsiz xidmətləri olduğunu söyləyiblər. Yüksəkixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olan Zahid Xəlilov Azərbaycan funksional analiz məktəbinin banisi olmaqla yanaşı, həm də SSRİ-də ilk “Funksional analiz” dərsliyinin müəllifi, Azərbaycan riyaziyyatçılar cəmiyyətinin prezidenti seçilmişdir.

Sonra tədbirdə çıxış edən bacısı qızı Bəstəkarlar İttifaqının üzvü professor Zümrüd Dadaşzadə akademik Zahid Xəlilovun adının Azərbaycan elminin inkişaf tarixində xüsusi yer tutduğunu, hələ uzun illər gələcək nəsillər üçün nümunə olacağını və görkəmli alimin xatirəsinin hər zaman əziz tutulacağını bildirib. O, görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar elm xadimi akademik Z.Xəlilovun SSRİ Ali Sovetinə və Millətlər Sovetinə deputat seçildiyini, “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri ilə təltif olunduğunu, bir çox başqa mükafatlara layiq görüldüyünü qeyd edib.

Akademik Zahid Xəlilov həm də Azərbaycan dilində ilk riyaziyyat lüğətinin tərtibçisidir. İstedadlı və yorulmaz alimin əsas tədqiqatları funksional analiz, onun inteqral və diferensial tənliklərə tətbiqi, bütöv mühit mexanikası, avtomatik idarəetmə sisteminin riyazi nəzəriyyəsi, tətbiqi riyaziyyat və riyaziyyatın başqa sahələrinə aiddir.

Fitri istedada malik Zahid Xəlilov dünya riyaziyyatında ilk dəfə olaraq qiymətləri Banax fəzasından olan funksiyalar sinfində diferensial tənlikləri tədqiq edib. Riyaziyyatda Banax cəbrində sinqulyar tənliklərin həlli üçün ümumi bir metod “Zahid İsmayıl oğlu Xəlilov nəzəriyyəsi” adı ilə tanınır.

Sonda akademik Zahid Xəlilovun ailə üzvləri adından çıxış edən nəvəsi Lada Atlantova babasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, elmi fəaliyyəti, vətəndaş mövqeyi, vətənə xidmətin ən parlaq nümunəsi olan dünya şöhrətli alim 1974-cü il fevralın 4-də 63 yaşında vəfat edib.

Xəbər lenti