Logo

Bakı Şəhər İcra Hakimiyyətində elmi-praktiki konfrans keçirilib - FOTOLAR

02.04.2024 10:23 162 baxış
IMG

Bakı Şəhər İcra Hakimiyyətində ölkənin tanınmış ictimai-siyasi, elm və mədəniyyət xadimlərinin, tarixçi alimlərin, siyasətçilərin, iqtisadçıların, jurnalistlərin, din xadimlərinin, Milli Məclisin deputatlarının və Vətən müharibəsi veteranlarının iştirakı ilə elmi-praktiki konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfrans Bakı Şəhər İcra Hakimiyyəti və AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə hazırladığı “Vətən müharibəsi tarixi – Şəxsiyyət faktoru” kitabının davamı olan ikinci kitabın çapına hazırlıq işlərinə həsr edilib.

Tədbiri açıq elan edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, yeni kitabda Vətən müharibəsindən sonrakı müddət ərzində ölkəmizdə baş verən əhəmiyyətli hadisələrin obyektiv və elmi izahı dahi şəxsiyyət, sərkərdə İlham Əliyev faktoru nöqteyi-nəzərindən öz əksini tapacaq.

Vurğulanıb ki, birinci kitab ölkəmizdə və eyni zamanda, ölkə xaricində oxucu və ekspertlərin böyük marağına səbəb olduğundan 8 dildə - Azərbaycan, türk, ingilis, rus, ərəb, fars, Çin və urdu dillərində nəşr edilib. Hazırda kitabın ispan, fransız dillərində tərcüməsi və çapı üzərində işlər davam edir.

Bildirilib ki, Vətən müharibəsindən ötən qısa dövr ərzində ölkədə bir sıra mühüm hadisələr, o cümlədən 2023-cü ilin sentyabrındakı lokal antiterror tədbiri və ölkəmizin ərazi bütövlüyünün tam təmin edilməsi, Xankəndi şəhərində keçirilən hərbi parad və digər mühüm əhəmiyyət daşıyan proseslər baş verib. Bu da yeni kitabın nəşr edilməsi zərurətini yaradıb.

Kitaba daxil ediləcək mövzuların təhlili və geniş fikir mübadiləsi ilə keçirilən tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, AMEA Tarix İnstitutunun direktoru, professor Kərim Şükürov, Milli Məclisin deputatları Musa Quliyev, Hikmət Babaoğlu, Musa Qasımlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və digərləri çıxış edərək çap olunacaq kitabın əhəmiyyətini diqqətə çatdırıb, Vətən savaşında qazanılan şanlı Qələbə və sonrakı dövrə aid hadisələrin geniş təbliğinin vacibliyini vurğulayıblar.

Kitabın bu ilin sonunadək işıq üzü görməsi nəzərdə tutulub.

Xəbər lenti