Logo

Şamaxıya investisiyaların cəlb olunması ilə bağlı tədqiqat aparılır

20.05.2024 21:19 156 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun “Şamaxı rayonunun özəl investisiyalar üçün cəlbediciliyinin artırılmasına təşviq və dəstək mexanizmlərinin hazırlanması” layihəsinin tədqiqat qrupu Şamaxı rayonunda olub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, layihənin koordinatoru, professor Tərbiz Əliyevin rəhbərlik etdiyi tədqiqat qrupunun üzvləri Şamaxı Rayon İcra Hakimiyyətinin (RİH) başçısının birinci müavini Hikmət Şikarovla görüşüblər. Tədbirdə Şamaxı RİH başçısı aparatının nümayəndələri İrşad Osmanov və Nəriman Məmmədov, İqtisadiyyat İnstitutunun ekspertləri Mahir Zeynalov, Famil Rüstəmov və Ədalət Əzizov iştirak ediblər.

Professor T.Əliyev layihə çərçivəsində görülən işlər, Şamaxı ilə bağlı toplanan və təhlil edilən materiallar, yerli sahibkarlar arasında keçirilməsi nəzərdə tutulan sorgu anketinin hazırlanması barədə məlumat verib. H.Şikarov Şamaxının əsas sosial-iqtisadi göstəriciləri, yerli sahibkarlığın inkişafı meyilləri, investisiya imkanları, rayon iqtisadiyyatının, xüsusən də aqrar sektorun və turizmin ənənəvi perspektivli sahələri, sahibkarlarla görüşlər, biznesə dövlət dəstəyi tədbirləri, infrastrukturun müasirləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə danışıb.

Görüşdə Şamaxı rayonunda sahibkarlığın inkişafının müasir vəziyyəti, biznes üçün imkanlar, rayonun iqtisadi potensialı, yerli resursları, rayonun özəl investisiyalar üçün cəlbediciliyinin artırılması üçün təşviq və dəstək mexanizmləri, buna mane olan əsas problemlər, çətinliklər və onların həlli yolları, özəl sektor-dövlət əməkdaşlığının səmərəliliyinin artırılması, regionlara investisiya cəlb olunması sahəsində beynəlxalq təcrübə və onun yerli şəraitə uyğun tətbiqi imkanları, aqrar sektorun və yerli sənayenin inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi və rifahının yüksəldilməsində sahibkarlığın, özəl sərmayələrin rolunun artırılması kimi məsələlər müzakirə olunub.

Sonra Şamaxı Rayon İcra Hakimiyyətində yerli sahibkarlar arasında anket sorğusunun keçirilməsinin təşkili ilə bağlı gənclərdən ibarət könüllülərə treninq keçirilib. İqtisadiyyat İnstitutunun ekspertləri könüllülərə sorğunun əsas mahiyyətini, məqsədini, prinsiplərini izah edib, qaydalar barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.

İqtisadiyyat İnstitutunun ekspertləri Şamaxı rayonunda bir qrup yerli sahibkarlarla da görüşlər keçiriblər, müəssisələrdə, təsərrüfatlarda olublar. Rayonda sahibkarlığın inkişafının müasir vəziyyəti, dövlət-özəl sektor əməkdaşlığı, sahibkarların gözləntiləri və s. məsələlər müzakirə olunub, təklif və tövsiyələr səsləndirilib. Tədqiqatçılar müəssisələrin sahibkarlıq fəaliyyəti ilə yaxından tanış olublar.

Ekspertlərin İqtisadiyyat Nazirliyinin Dağlıq Şirvan regional bölməsinin müdiri Azər Qasımovla və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Dağlıq Şirvan regional koordinatorluğunun şöbə müdiri Cavanşir Məhərrəmovla görüşündə regionda, xüsusən də Şamaxı rayonunda sahibkarlığın inkişafı ilə bağlı məsələlər, rayonun iqtisadi potensialı və spesifik xüsusiyyətləri, biznesə dövlətin dəstəyi, yerli iqtisadiyyata özəl investisiyaların cəlbediciliyinin artırılması imkanları, mümkün təşviq və dəstək mexanizmləri, biznes layihələri, sahibkarların qarşılaşdıqları problemlər müzakirə edilib, təkliflər səsləndirilib. Şamaxı rayonuna özəl investisiyaların cəlbediciliyinin artırılması üçün səmərəli təşviq və dəstək mexanizmlərinin hazırlanması məqsədilə müzakirələrin yerli sahibkarların, tədqiqatçıların, ekspertlərin, dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə davam etdirilməsi barədə razılığa gəlinib.

Xəbər lenti