Logo

Çilinin ALMA Rəsədxanasının nümayəndələri Şamaxı Astrofizika Rəsədxanasında - FOTO

24.05.2024 18:54 191 baxış
IMG

Çilinin ALMA (Atacama Large Millimetric Array) rəsədxanasının baş astronomu, astronomiya üzrə fəlsəfə doktoru David Rebolledo və təbliğat-kommunikasiya üzrə koordinatoru Nikolas Lira Elm və Təhsil Nazirliyinin Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar.

Rəsədxanadan "Tehsil.biz"ə bildirilib ki, onları Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Ciankarlo Alaberti müşayiət edib.

Səfərin məqsədi rəsədxananın infrastrukturu, elmi tədqiqat imkanları ilə tanışlıq, elmi əməkdaşlıq sahəsində sıx əlaqələrin yaradılması ilə bağlı müzakirələr aparmaq olub.

Rəsədxananın muzeyində olan qonaqlara buradakı eksponatlar, onların tarixçəsi, o cümlədən ümumi infrastruktur haqqında məlumat verilib və bütün bu sadalananların fonunda rəsədxananın turizm potensialı diqqətə çatdırılıb.

Sonra qonaqlar rəsədxananın ikimetrlik teleskopunun binasına aparılıb. Rəsədxananın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin müdiri astronomiya elmləri doktoru Canməmməd Rüstəmov teleskopun texniki parametrləri, iş prinsipi və burada aparılan elmi-tədqiqat işləri barədə məlumat verib və onları maraqlandıran sualları cavablandırıb.

Səfərin proqramına əsasən, ekskursiyadan sonra rəsədxananın inzibati binasında elmi işçilərlə görüş təşkil edilib.

Rəsədxananın icraçı direktoru professor Nəriman İsmayılov astrofizika sahəsində tanınmış alimlərdən, son illərdə ölkəmizdə bu sahədə aparılan tədqiqatlardan danışıb. Alim, həmçinin rəsədxananın beynəlxalq əlaqələrin qurulmasına verdiyi önəmi xüsusi vurğulayaraq ALMA ilə də mümkün elmi əməkdaşlığın istiqamətlərinə toxunub.

Daha sonra Çili Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Ciankarlo Alaberti müasir dövrün tələblərinə uyğun olaraq sürətli inkişafın təminatı üçün elmi əməkdaşlığın önəmini qeyd edib. ALMA-nın mövcud əməkdaşlıq şəbəkəsini daha da genişləndirməkdə maraqlı olduğunu və Şamaxı Astrofizika Rəsədxanasının da bu şəbəkəyə qoşulmasının birgə elmi-tədqiqat işlərinə böyük töhfə verəcəyinə inandığını bildirib.

ALMA-nın baş astronomu David Rebolledo təmsil etdiyi rəsədxananın infrastrukturu, mövcud teleskoplar, ALMA-da aparılan elmi tədqiqat işləri, qoşulduqları nəhəng beynəlxalq layihələr haqqında məruzə ilə çıxış edib. Alim çıxışı zamanı əməkdaşlıq imkanları, kadr hazırlığı istiqamətində təcrübə mübadiləsi perspektivləri barədə də geniş məlumat verib.

İştirakçılar tərəfindən maraqla qarşılanan çıxışın sonunda müxtəlif elmi istiqamətlər üzrə diskussiyalar aparılıb, məruzəçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti