Logo

Azərbaycanlı alimlərin monoqrafiyası “Springer” nəşriyyatında çap olunub

22.06.2024 12:12 158 baxış
IMG

AMEA-nın həqiqi üzvləri Akif Əlizadə, İbrahim Quliyev, Pərviz Məmmədov, Əkpər Feyzullayev, AMEA-nın müxbir üzvləri Elmira Əliyeva və Dadaş Hüseynov, həmçinin Tel-Əviv Universitetinin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin professoru Lev Epelbaumdan ibarət müəlliflər qrupunun hazırladığı “Pliosen Karbohidrogen Sedimentary Series of Azerbaijan” adlı monoqrafiya “Springer” nəşriyyatında (ingilis dilində) çapdan çıxıb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

Yeni orijinal monoqrafiya bu günə qədər toplanmış bütün geoloji və geofiziki materialların elmi ümumiləşdirilməsi və təhlilindən ibarətdir.

Kitabda Cənubi Xəzər hövzəsinin (CXH) əsas neft-qaz rezervuarının - Məhsuldar Qatın (MQ) müfəssəl seysmostratiqrafik və seysmo-fasial təhlili, çöküntütoplanmanın şəraiti və dövriliyi, süxurların litoloji və mineraloji tərkibi, onların məkanda dəyişmə qanunauyğunluqları təhlil edilib. Süxurların tutum-süzülmə xassələri hərtərəfli səciyyələndirilib, çöküntü aşınma mənbələrinin paleorekonstruksiyaları və hövzənin fasiyal rayonlaşması aparılıb.

Monoqrafiyada MQ-nın neftqazlılıqının və termobarik şəraitinin öyrənilməsinin nəticələrinə, həmçinin Aşağı Pliosen çöküntülərının generasiya potensialının və onların CXH-də karbohidrogenlərin (KH) əmələqəlməsində rolun qiymətləndirilməsinə də yer ayrılıb.

Monoqrafiyanın ayrı-ayrı fəsillərində üzvi maddələrin (ÜM) və KH flüidlərin izotop-geokimyəvi xassələrinə, ÜM toplanması və çevrilmə şəraitlərinə, süxur-neft korrelyasiyası vasitəsilə neftin və qazın əmələgəlmə ocaqlarının dərinlik-stratiqrafik yerləşməsinə, miqrasiya proseslərinin xüsusiyyətlərinə, tələlərin KH-lə doldurulma mexanizminə, habelə onların saxlanılma şəraitlərinə diqqət edilir.

Bütün bu tədqiqatların nəticələri monoqrafiyanın müəlliflərinə geoloji kəşfiyyat işlərinin səmərəliliyinin təhlili ilə yanaşı, CXH-nin dərin quruluşunun müəyən edilməsinə, neft və qaz yataqlarının formalaşmasının tektonodinamik modelini qurulmasına və hövzənin ehtiyatlarının mənimsəməsinin strategiyasını işləyib hazırlamasına imkan yaratmışdır.

712 səhifəlik nəfis çap əsəri 19 fəsildən, 33 cədvəldən və 337 şəkildən ibarətdir.

Monoqrafiya müvafiq elmi sahədə çalışan mütəxəssislər, müəllimlər və tələbələr üçün nəzərdə tutulub.

Xəbər lenti