Logo

Qafqazşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib

27.06.2024 19:15 120 baxış
IMG

İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qafqazşünaslıq İnstitutunun Elmi şurasının iclası keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, elmi müəssisəsinin direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlı iclasda Qafqazşünaslıq İnstitutunun 2024-cü ilin I yarısı üçün elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı təqdim edib.

Hesabat dövründə institutda 3 elmi istiqamət, 4 problem, 5 mövzuya dair 18 iş üzrə müvafiq mənbə və ədəbiyyat toplanılıb və tədqiqat davam etdirilib. Alim və elmi işçilər Ermənistanda sosial-iqtisadi və siyasi şərait, vətəndaş cəmiyyəti təşkilatlarının vəziyyəti, xaricdəki erməni təşkilatlarının Ermənistanın daxili siyasətinə təsiri, miqrasiya prosesləri, informasiya siyasəti, erməni təşkilatlarının Ermənistanın xarici siyasətinə təsiri, Azərbaycan və Türkiyə əleyhinə təbliğat, Şimali Qafqazda erməni icması və erməni təşkilatlarının fəaliyyəti, erməni icmaları, cəmiyyətləri, məktəbləri, kilsələri, kütləvi informasiya vasitələri və fəaliyyətləri, habelə Cənubi Qafqazın qədim dövr tarixi-coğrafiyasının, tarixinin mənbəşünaslığı və digər mövzuları araşdırıblar.

İnstitut əməkdaşlarının 63 əsəri nəşr edilib. Bunlardan ikisi monoqrafiya və kollektiv əsərdir (Azərbaycanda 1, xaricdə 1 (Birləşmiş Krallıq), 60-ı elmi məqalə və tezisdir (Azərbaycanda – 28, xaricdə 32 (Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Çexiya, Norveç, Braziliya).

Türkiyə, Rusiya, Gürcüstan, Slovakiya, Böyük Britaniya, İndoneziya, İran, Özbəkistan, Çexiya və Kubadan olan alim və tədqiqatçılar institut əməkdaşlarının əsərlərinə 48 dəfə istinad ediblər.

Professor Musa Qasımlının “Gooogle Scholar” elmmetrik bazasında h-indeksi H-10 olub. Bütövlükdə alimin əsərlərinə dünyanın 55 ölkəsindən 327 dəfə istinad edilib.

Hesabat geniş müzakirədən sonra qəbul edilib. İclasda institutda hazırlanan kitablar və “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının növbəti nömrəsi çapa tövsiyə edilib.

Sonda cari məsələlərə baxılıb.

Xəbər lenti