Logo

AMEA-da “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

28.06.2024 19:07 122 baxış
IMG

İyunun 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Mahmud Kaşğari “Divanü lüğat-it-türk”- 950” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Tehsil.biz xəbər verir ki, konfransda çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Türk dünyasının ən qiymətli kitablarından biri olan “Divanü lüğat-it-türk” əsərinin Azərbaycanda çap edilməsini əhəmiyyətli hadisə kimi dəyərləndirib və beynəlxalq tədbirin türk dövlətlərinin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb. AMEA rəhbəri ana dilimizdə işıq üzü görən qaynağın bundan sonra geniş tədqiqat obyektinə çevriləcəyini vurğulayıb.

1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayın keçirildiyini deyən akademik İsa Həbibbəyli bildirib ki, bu qurultayda türkoloji elmi-mədəni mühitin aktual məsələlərinə toxunulub, latın əlifbasına keçidlə bağlı qərar qəbul edilib. O, türk dövlətlərinin ortaq əlifbasının yaradılması, türkoloji elmlər sisteminin inkişaf etdirilməsi, beynəlxalq miqyasda inteqrasiya proseslərinin daha da genişləndirilməsi kimi məsələləri 2026-cı ildə baş tutacaq İkinci Türkoloji Qurultaya töhfə kimi dəyərləndirib.

AMEA prezidenti “Divanü lüğat-it-türk” əsərinin ilk dəfə ərəb dilindən Azərbaycan dilinə özbək əsilli Azərbaycan alimi Xalid Səid Xocayev tərəfindən tərcümə edildiyini diqqətə çatdırıb. O, Xalid Səid Xocayevin bu kitabın tərcüməsinə görə “əks-inqilabi pantürkist təşkilatın üzvü kimi Türkiyənin xeyrinə kəşfiyyat işi aparmış şəxs” damğası ilə ittiham olunaraq 1937-ci ildə güllələnməyə məhkum edildiyini və bununla da əsərin itmiş hesab olunduğunu bildirib. Alim əsərin 86 ildən sonra – 2023-cü ildə Dilçilik İnstitutunun arxivindən tapıldığını qeyd edib.

Akademik İsa Həbibbəyli mart ayında ADA Universitetində kitabın təqdimatının keçirildiyini, həmçinin iyunun 24-də Qırğızıstanın Bişkek şəhərində “Yazılışının 950-ci ildönümündə “Divanü lüğat-it türk: Türk dünyasının ortaq dəyəri” mövzusunda beynəlxalq konfransın təşkil olunduğunu diqqətə çatdırıb. AMEA rəhbəri dekabrda isə “Divanü lüğat-it-türk”ün 950 illik yubileyinin UNESCO səviyyəsində qeyd olunacağını vurğulayıb.

Daha sonra çıxış edən Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli “Divanü lüğat-it-türk” əsərini Türk dünyası haqqında dolğun məlumatların toplandığı “Türküstan” adlandırıb. Bildirib ki, nəşrdə XI əsrdə türklərin yaşaması haqqında məlumatlar yer alıb, bugünkü türk xalqlarının tarixi geniş əks olunub. Əsər türk dillərinin qrammatikası, zamanın ensiklopediyasıdır.

Professor, həmçinin kitabın Osmanlı dövrünə gəlib çıxma tarixçəsi barədə məlumat verib. Direktor kitabın tərcüməsini Azərbaycan türkologiyasının tarixində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirib.

Diqqətə çatdırılıb ki, Mahmud Kaşğari “Divanü lüğat-it-türk” ensiklopediyasında türksoylu xalqların dil-ağız özəlliklərini, ləhcələrini, milli-mədəni varlığını toplamış, dövrünə uyğun qrammatika və yazı qaydalarını müəyyənləşdirmişdir. Əsər yalnız lüğət deyil, türk tayfalarının dil-ləhcə fərqlərini, yayılma areallarını, həyat tərzini, tarixini, mifologiyasını, folklorunu, mədəniyyətini öyrənməyə imkan verən, XI əsrin əvvəllərində türk tayfalarının ləhcələri haqqında geniş məlumat verən dialektoloji-etnoloji kitabdır.

Tədbirdə Türk Dil Qurumunun rəhbəri professor Osman Mert və Özbəkistan Respublikası Elmlər Akademiyası Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru professor Bahrom Abduxalimov çıxış edərək “Divanü lüğat-it-türk”ü keçmişimizi, dilimizi, kimliyimizi, tariximizi öyrənmək baxımından qiymətli əsər kimi səciyyələndiriblər.

Daha sonra akademik Nizami Cəfərovun, professorlar Mahirə Hüseynova və İsmayıl Kazımovun mövzu ilə bağlı məruzələri dinlənilib.

Konfransda, həmçinin Milli Məclisin deputatı, Mahmud Kaşğari adına Beynəlxalq Fondun prezidenti Cavanşir Feyziyev, şair-tərcüməçi Elxan Zal Qaraxanlı, tənqidçi və ədəbiyyatşünas Əsəd Cahangir çıxış ediblər. Qeyd olunub ki, bu əsər yazıldığı dövrün xarakterik cizgilərini müəyyənləşdirən, min il öncəki düşüncəni bu günə gətirən mötəbər bir qaynaqdır.

Xəbər lenti