Logo

Mərkəzi Elmi Kitabxananın əməkdaşları şəhid Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər

27.06.2024 20:08 109 baxış
IMG

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondunun açılışının üçüncü ildönümü ərəfəsində fondun rəhbəri Röksana Səfərzadə, kitabxananın Həmkarlar Təşkilatının sədri Günel Rəhimova və bir qrup əməkdaş İkinci Qarabağ müharibəsi şəhidi kapitan Həmidağa Hüseynzadənin ailəsini ziyarət ediblər.

Kitabxanadan "Tehsil.biz"ə bildirilib ki, əməkdaşlar öncə İkinci Fəxri xiyabanda şəhid Həmidağa Hüseynzadənin, eləcə də Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirəsini ehtiramla yad ediblər.

MEK-in əməkdaşları daha sonra şəhidin böyüyüb boya-başa çatdığı evdə olublar. Görüşdə şəhidlərin bizim qürurumuz, fəxrimiz, başucalığımız olduğunu vurğulayan Röksanə Səfərzadə müharibə iştirakçıları haqqında yazılmış kitabların qorunaraq gələcək nəsillərə ötürülməsi üçün dövlətin və ictimaiyyətin dəstəyi, AMEA rəhbərliyinin yaxından köməyi və MEK-in təşəbbüsü ilə yaradılmış fondun əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb.

Şəhidin anası Vətən müharibəsi zamanı Kəlbəcər rayonunun Murovdağ istiqamətində gedən döyüşlərdə oğlunun da vuruşaraq qəhrəmancasına şəhidlik zirvəsinə ucalmasından qürurlandığını söyləyib, torpağı qorumağın hamının müqəddəs borcu olduğunu dilə gətirib. Şəhid ailələrini diqqət mərkəzində saxladıqları və daim yad etdikləri üçün təşəkkürünü bildirib.

Xəbər lenti