Logo

Akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib

27.06.2024 17:36 433 baxış
IMG

İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim, tərcüməçi, pedaqoq, nasir, akademik Məmməd Arif Dadaşzadənin 120 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, əvvəlcə Fəxri xiyabanda görkəmli alimin məzarı ziyarət olunub, üzərinə güllər düzülüb.

Daha sonra tədbir iştirakçıları Ədəbiyyat İnstitutunun foyesində akademik Məmməd Arif Dadaşzadənin həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli alimin XX əsr Azərbaycan ədəbi-tənqidinin və ədəbiyyatşünaslıq elminin inkişafında mühüm xidmətləri olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli görkəmli elm xadimi Məmməd Arif Dadaşzadənin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun yaranmasında, təşəkkülündə, strukturunun və fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rolu olduğunu bildirib. Qeyd edib ki, ədəbiyyatşünas alimin 120 illiyinə töhfə olaraq AMEA-nın Rəyasət Heyətinin qərarı ilə Məmməd Arif Dadaşzadənin əsərlərinin biblioqrafiyası çapa hazırlanır.

AMEA prezidenti bildirib ki, tənqidçi və ədəbiyyatşünas kimi akademik Məmməd Arif Dadaşzadə elmi fəaliyyətində, təhlillərində və qiymətləndirmələrində obyektivliyi, ədaləti, gerçəkliyi qoruyub saxlayıb. O, yarım əsrdən çox bir dövr ərzində Azərbaycan və dünya ədəbiyyatını araşdırıb ümumiləşdirərkən dövrü üçün müdriklik və müasirlik nümunəsi ola biləcək elmi düşüncə ilə təhlillər və müqayisələr aparıb. Alim konkret ədəbi şəxsiyyətlərə qiymət verərkən dövrün ədəbi və ictimai proseslərini nəzərə alıb.

Diqqətə çatdırılıb ki, Məmməd Arif Dadaşzadə yenilikçi mövqeyi ilə Azərbaycan ədəbiyyatşünaslığında silinməz izlər qoyub. Onun XX əsr Azərbaycan dramaturgiyasının əsas yaradıcılarından biri olan Cəfər Cabbarlıya həsr olunmuş monoqrafiyası geniş həcmli elmi əsərlər sırasında xüsusi çəkiyə malikdir. Həmçinin akademik Məmməd Arif Dadaşzadənin “Səməd Vurğunun dramaturgiyası” adlı monoqrafiyası Xalq şairinin yaradıcılığının monoqrafik miqyasda öyrənilməsində etibarlı elmi bələdçidir.

Qeyd olunub ki, Məmməd Arif Dadaşzadə 1938-ci ildən Ədəbiyyat İnstitutunda fəaliyyətə başlayıb, həmin ildən şöbə müdiri, 1939-cu ilin yanvar-sentyabr aylarında direktor müavini vəzifələrində işləyib, iki dəfə bu elm ocağının direktoru seçilib. O, 1960-cı ildən ömrünün sonunadək Elmlər Akademiyasının vitse-prezidenti kimi fəaliyyət göstərib.

Akademik İsa Həbibbəyli alimin böyük elmi məktəb yaratdığını, ziyalı nəsillərin yetişməsində mühüm rol oynadığını söyləyib.

Daha sonra Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Asif Rüstəmli “Ədəbiyyat İnstitutunun yaradılması və təşəkkülündə Məmməd Arif Dadaşzadənin yeri və rolu” mövzusunda məruzə ilə çıxış edib.

Elmi sessiyada, həmçinin “Cəfər Cabbarlının yaradıcılıq metodu akademik Məmməd Arifin tədqiqatlarında”, “Akademik Məmməd Arif Dadaşzadənin ədəbi-tənqidi görüşləri”, “Səməd Vurğun irsi akademik Məmməd Arif Dadaşzadənin araşdırmalarında” “Akademik Məmməd Arif Dadaşzadə və ədəbi-mədəni mühit” mövzularından məruzələr dinlənilib.

Sonda görkəmli alimin nəvəsi - Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə babasının xatirəsinə göstərilən diqqətə görə AMEA rəhbərliyinə və iştirakçılara təşəkkürünü bildirib.

Xəbər lenti